10.3 C
Gence
10.3 C
Gence

Berlində məşhurlaşmış gəncəli alim Mirzə Məşədi Hacızadə

Mirzə Məşədi Yusif oğlu Hacızadə 1897-ci ildə Gəncədə anadan olub. O, “Göygöl” təxəllüsü ilə də tanınıb.

O, ilk təhsilini mədrəsədə alıb, 1906-cı ildən o zamankı Yelizavetpol kişi gimnaziyasında, 1915-ci ildən isə Xarkovdakı Novo-Aleksandr İnstitutunun kənd təsərrüfatı və meşəçilik şöbəsində oxuyub. Hacızadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri idi. O, əvvəl İtaliyaya, sonra isə təhsilini davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir.

Təhsilini başa vurduqdan sonra Hacızadə artıq sovet işğalına məruz qalmış Azərbaycana dönə bilməmişdir. O, 1926-cı ildə Berlində doktorluq dissertasiyası müdafiə etmişdir. Bu illərdə Hacızadə Azərbaycana qayıtmağa yenidən cəhd etsə də, bu baş tutmamışdır.

Hacızadə bir müddət Almaniyada seleksiyaçı (yeni heyvan və bitki növləri yetişdirmə mütəxəssisi) alim kimi fəaliyyət göstərdikdən sonra Türkiyəyə dəvət olunmuşdur. Buranın vətəndaşlığını qəbul edən Mirzə 1933-cü ildə “Göygöl” təxəllüsünü götürür. O, 1961-ci ilədək İstanbulun Halkalı toxumçuluq stansiyasında işləmiş, ali məktəblərdə dərs demişdir. Hacızadə İstanbulda Nəsib bəy Yusifbəylinin qızı Zöhrə xanımla ailə qurmuşdur. Alim Məhəmməd Əmin Rəsulzadə, Adil xan Ziyadxanov, Cahangir bəy Kazımbəyli və Türkiyədə yaşayan başqa azərbaycanlı mühacirlərlə dostluq etmiş, evində müntəzəm toplantılar, müşavirələr keçirmişdir.

Hacızadənin ali məktəb tələbələri üçün dərslik kimi istifadə olunan 34 kitabı, həmçinin 300-dək elmi məqaləsi çap olunmuşdur. Sovet dövründə Türkiyəyə səfər edən Azərbaycan mədəniyyət xadimləri dəfələrlə onun qonağı olmuşdur. Hacızadə Niyazinin dəvəti ilə 1969-cu ildə Bakıya gəlmiş, respublika alimləri qarşısında mühazirələr oxumuşdur. Lakin onun bütün cəhdlərinə baxmayaraq, alimin Gəncəyə getməsinə, qohumlarının qəbrini ziyarət etməsinə icazə verilməmişdir.

Mirzə Məşədi Hacızadə 21 aprel 1981-ci (1980) ildə İstanbul şəhərində vəfat edib və Zincirliquyu məzarlığında dəfn olunub.

Mənbələr:

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild. Bakı-2004.
  2. Mərdanov M. Tahirzadə Ə. 1920-ci ilədək Ali məktəblərdə oxumuş azərbaycanlılar. III cild. Bakı-2019.
  3. http://www.anl.az/down/meqale/kaspi_az/2020/aprel/709443.htm

Ən Çox Oxunan