Nəcibə Abbas qızı Əliyeva 22 fevral 1927-ci ildə Gəncə şəhərində anadan olub.
O, 1948-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetini bitirib. Əliyeva 1949-cu ildə Tak-Muğal Zoobaytar məntəqəsində baytar həkimi vəzifəsində işləyib, 1949-1956-cı illərdə Azərbaycan Bioloji Kombinatında müxtəlif vəzifələrdə çalışıb.
Əliyeva 1956-cı ildə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda kiçik elmi işçi vəzifəsinə təyin edilmiş, 1957-ci ildə isə aspiranturaya qəbul olmuşdur. O, 1960-cı ildə baytarlıq elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Əliyeva 1960-cı ildə institutun “Mikrobiologiya və virusologiya” laboratoriyasında baş elmi işçi vəzifəsində çalışıb, 1962-ci ildə “Baytarlıq mikrobiologiyası” ixtisası üzrə baş elmi işçi adına layiq görülüb.
1963-1983-cü illərdə o, “Ümumi virusologiya”, 1983-1991-ci illərdə isə “Ümumi virusologiya” və “Dabaq” laboratoriyalarının müdiri vəzifəsində işləmişdir. 1991-ci ildən institutun “Epizootologiya, mikrobiologiya, virusologiya, immunologiya və mikologiya” laboratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. 1974-cü ildə Əliyeva N.E.Bauman adına Kazan Dövlət Baytarlıq İnstitutunda “Azərbaycanda buzovların adenovirus infeksiyasının öyrənilməsinə dair materiallar” mövzusunda baytarlıq elmləri doktoru alimlik dərəcəsi adı almaq üçün dissertasiya müdafiə etmişdir.
Əliyeva 104 elmi əsərin müəllifidir, Moskva, Kiyev, Kazan, Vladimir, Tiflis və başqa şəhərlərdə keçirilən elmi konfranslarda məruzələrlə çıxış etmişdir.
Nəcibə Əliyeva 1956-cı ildə SSRİ “Xalq təsərrüfatı nailiyyətləri sərgisi”nin iştirakçısı olmuş və sərginin bürünc medalı ilə təltif olunmuşdur. O, 1978-ci ildə Respublikada baytarlıq elminin inkişafında xidmətlərinə görə Ali Sovetin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Nəcibə Əliyeva 2006-cı ildə vəfat edib.
Mənbələr:
- Azərbaycan Qadın Ensiklopediyası. Bakı-2002.
- Mustafayev F.Ə., Hüseynov E.M., Salmanov M.Ə. Baytarlıq təbabəti genetikası: I hissə. Bakı-2013.