16.4 C
Gence
16.4 C
Gence

Üç balıq təsviri olan Cavad xanın ştandartı

Gəncə xanlığının ştandartı (qədimdə hökmdarın şəxsi bayrağı, hal-hazırda bir sıra dövlətlərin və ölkələrin dövlət başçısının hakimiyyətinin fəxri təcəssüm olunmuş simvolu) Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır. Ehtimal edilir ki, bu ştandart Gəncənin sonuncu hökmdarı Cavad xan Qacarındır.

Bu bayraq digər 8 bayraq kimi, 1804-cü ildə rus işğalından sonra hərbi qənimət kimi götürülmüşdür.

Bayraq düzbucaqlı formaya malikdir və ölçüsü 155×119 sm təşkil edir. Bayraq qızılı-sarı rəngli “düyürd” ipəyindən hazırlanıb. Bayrağın üst və alt kənarları kəlağayı parçasına bənzər çəhrayı parça zolaqları ilə haşiyələnib. Bayrağın fondda saxlanılan elmi pasportundakı foto-şəkildə bu haşiyələrdə pozulmuş yazı izlərinin olduğu müəyyən olunub.

Gəncə xanlığının bayrağının üst hissəsinin mərkəzində kətandan kəsilmiş qəhvəyi rəngli üç balığın aplikasiyası var. Balıqlar başları yuxarı, yelpik şəklində təsvir edilib. Qafqaz Hərbi-Tarix Muzeyinin nəşr etdirdiyi bələdçi kitabında bu balıqların hakimiyyət rəmzi olduğu qeyd edilib.

Balıq təsvirinin heraldikada (qədim dövrdən mövcud olmuş möhür, emblem və nişanları öyrənən elm, gerbşünaslıq) izah edilməsi çətin olan simvollardan biridir. Balıq simvolunun məhsuldarlıq əlaməti kimi istifadə edilməsi bütpərəst dövrlərə aiddir. Qədim dövrlərdə balıq, həmçinin reinkarnasiya və canlılıq simvolu kimi qəbul edilirdi.

Azərbaycanda balıqların simvolik obrazının qədim tarixi var. Balıq güc rəmzi (əldən qaçan balıq kimi), sərvət rəmzi (balıq ticarəti çox gəlirli idi), ayıqlıq simvolu (balıqların sürüşkənliyi ilə əlaqəli ola bilər) kimi ifadə edilir.

Sol tərəfdə bayrağı saxlayan ağac üçün boz-sarı rəngli dirək kisəsi tikilib. Bayraq ağacının uzunluğu 232 sm-dir. Ağac boya ilə rənglənmiş, lakin rəng çox yerlərdə qopmuşdur və ağac zamanla əyilmişdir. Bayrağın gümüş ucluğu iki hissədən ibarətdir. Konusvari borucuğa ələm taxılmışdır. Ələmin içərisi boşdur və əlcəyi xatırladır. Əlin üstü dama-dama naxışlanmış, ovuc hissəsi isə insan dərisindəki cizgilərə bənzədilmişdir.

Hal-hazırda Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında Gəncə xanlığının 4 bayrağı, Gəncə Tarix-Diyarşünaslıq Muzeyində isə 1 bayrağı saxlanılır.

Mənbələr: 

  1. https://azerhistory.com/?p=30858
  2. http://flagiaf.ru/azerbaijan/azerbaijan.html
  3. IRS Наследие. Три рыбы на штандарте гянджинского хана. № 4 (58), 2012.
  4. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası. Bayraq.
  5. Foto: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası. Bayraq.

Ən Çox Oxunan