5.8 C
Gence
5.8 C
Gence

Başına 6 milyon pul qoyulan Gəncə batalyonunun komandiri: Mehman Ələkbərov

Mehman Ələkbərov 1957-ci ildə Gəncənin Qaraçılar məhəlləsində anadan olub.

O, indiki Gəncə Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Mehman Ələkbərov əvvəl Şamaxıda məktəb direktorunun müavini, sonra isə Gəncədə 1 saylı internat məktəbinin və 36 saylı məktəbin müəllimi vəzifəsində işləyib.

1990-cı ildə erməni silahlı dəstələri Gəncəyə yaxın olan Todan, Sarısu, Çaykənd kəndlərinə girir. Mehman silahdaşları ilə birlikdə həmin kəndlərin müdafiəsində iştirak edir. Ələkbərov yaxın dostlarının həlakına və erməni işğalçılığına dözməyərək Gəncə batalyonunu yaradır. O, Gəncə batalyonu ilə birgə Tərtər, Ağdərə, Goranboy, Göygöl rayonlarının kəndlərinin müdafiəsində iştirak edir.

Gəncə batalyonu 29 iyun 1992-ci ildə Mehman Ələkbərovun başçılığı ilə Tərtərin Həsanqaya kəndində  erməni silahlılarının “Arabo” batalyonunun 170-dən çox canlı qüvvəsini məhv edib. Bundan sonra ermənilər Mehman Ələkbərovun başına 6 milyon məbləğində pul qoyur. Hətta Ermənistanda bu hadisələrlə bağlı 3 günlük matəm elan olunub.

Bundan başqa, Mehman Ələkbərov Şuşa, Laçın, Füzuli bölgələrindəki döyüşlərdə iştirak edib. Bu döyüşlərdə Mehman Ələkbərov 28 dəfə yaralanıb.

Mehman Ələkbərov 21 aprel 1992-ci ildə Müdafiə nazirinə belə yazıb: “…Sizi əmin edirəm ki, bütün qüvvəmi Azərbaycanın azadlığı, torpaqlarımızın qorunması uğrunda mübarizəyə sərf edəcəyəm…”.

Mehman Ələkbərov 4 iyun 1993-cü ildə Gəncə qiyamında əlində ağ bayraq sülh danışıqlarına gedəndə 18 güllə yarası alaraq həlak olub. Komandir Gəncənin Şəhidlər xiyabanında dəfn olunub.

Mənbələr:

  1. https://gencesehidleri.az/sehidler/90-elekberov-mehman-elekber-oglu.html
  2. https://gancapost.info/az/article/348/g-nc-batalyonunun-fsan-vi-komandiri-mehman-l-kb-rov/

Ən Çox Oxunan