Bəndərin üsyanı 1231-ci ildə Gəncədə, sənətkarların və şəhər yoxsullarının, Xarəzmşahların sonuncu hökmdarı Cəlaləddinə qarşı olmuş qiyamdır. Üsyanın səbəbi vergilərin çox yığılması idi.
Üsyana sənətkar Bəndər başçılıq etmişdir. Üsyançılar Cəlaləddinin sarayını dağıdıb, orada olan adamları öldürmüşdülər. Onlar varlıların əmlakını alıb, yoxsullara paylamışdılar. Şəhərdə olan Xarəzmşahın hərbi hissəsini məhv etmişdilər.
Xarəzmşah gəncəlilərlə danışıqlar üçün dəfələrlə elçi göndərib, onlara əmin-amanlıq vəd etmişdir. Hadisələrin şahidi olan tarixçi Nəsəvi yazırdı: “Bu cür vədləri eşitdikdə qayalar da yumşalardı“. Gəncəlilər isə mübarizədən əl çəkmirlər. Tarixçi Ziya Bünyadov deyirdi: “Onlar barmaqlarını qulaqlarına qoyub öz paltarlarına bürünərək, inad göstərir və qürurla dayanırdılar”.
Üsyançılar şəhərdən çıxıb, Xarəzmşahın ordusuna hücum etmişdilər, lakin onlar hökmdarın ordusuna tab gətirə bilməyib, məğlub olmuşdular. Beləliklə, Cəlaləddin üsyanı yatırmışdır və Bəndər başda olmaqla 30 nəfəri həbs etdirmişdir. O, hamının başını kəsməyi, Bəndəri isə tikə-tikə doğramağı əmr etmişdir.
Bəndəri edam edəndə, cəllad ondan son sözünü soruşanda, Bəndər demişdir: “Zülmkara, Cəlaləddinə, Xarəzmşaha nifrət edirəm”. Sadıq Şükürov “Gəncənin Tarixi Abidələrindən” kitabında Bəndərin edamından yazmışdır. O, Bəndərin ölümdən qorxmadığını qeyd etmişdir. Kitabda yazılana görə, Bəndər cəlladdan xahiş etmişdir ki, onu tikə-tikə doğramaqdan əvvəl, onun ürəyini yarmadan çıxartsın. Bəndər cəllada onun ürəyini çıxaranda sıxmamasını, çünki orada onun anasının yaşadığını demişdir. Bəndər fikirləşirdi ki, onun urəyi sıxılsa, anası da sıxılıb düşünəcək ki, oğlu vətənə, azadlığa, dostlarına içdiyi anda sadiq qalmamışdır. O, cəllada vətəni və azadlığı üçün ölümə getdiyini demişdir.
Xarəzmşahlar dövləti Azərbaycan ərazisində 1225-1231-ci illərdə hökmranlıq etmişdir.
Mənbələr:
- Ziya Bünyadov. Azərbaycan Atabəylər dövləti. 1136-1225-ci illər. Bakı – 2007.
- Rauf Məlikov, Nizami İbrahimov. Məktəblinin tarixi lüğəti. Bakı – 2004.
- Эльдар Исмаилов. Очерки по истории Азербайджана. Москва – 2010.
- Azərbaycan tarixi. Yeddi cilddə. III cild. Bakı-1999.
- Sadıq Şükürov. Gəncənin Tarixi Abidələrindən. Gəncə-1998.
- Зия Буньядов. Избранные сочинения в трех томах. III том. Баку – 1999.
- Əhməd İsayev. Gəncə və gəncəlilər. Bakı-2008.