19.1 C
Gence
19.1 C
Gence

Bu gün gəncəli akademik və geoloq Mirəli Qaşqayın doğum günüdür

Geoloq, akademik Mirəli Seyidəli oğlu Qaşqay 7 yanvar 1907-ci ildə Gəncədə anadan olub.

O, Gəncə gimnaziyasında, 1924-cü ildən isə indiki Azərbaycan Texniki Universitetinin geoloji-kəşfiyyat fakültəsində təhsil alıb. Mirəli 1930-cu ildə Daşkəsən rayonunun Zəylik alunit yatağının (dünyada ən böyük alunit yataqlarından biri) geoloji-kəşfiyyat işlərinə rəhbərlik edib. Qaşqay 1930-1935-ci illərdə SSRİ Elmlər Akademiyasının (EA) Sankt-Peterburqda Petroqrafiya İnstitutunun aspiranturasında təhsil alıb.

Akademik 1938-ci ildə Azərbaycan EA-nın Geologiya İnstitutunu ilk təşkil edənlərdən biri olub. Mirəli Qaşqay 1945-ci ildə Azərbaycan EA-nın təsisçilərindən biri, akademiyanın həqiqi üzvü və ilk akademik-katibi olub.

O, 1946-cı ildə indiki Bakı Dövlət Universitetinin professoru elmi dərəcəsini alıb. Qaşqayın təşəbbüsü və köməyi ilə Bakı Dövlət Universitetində geoloji-coğrafiya fakültəsi, mineralogiya və kristalloqrafiya (kristallar və kristallik maddə haqqında elm) kafedrası, geologiya və faydalı qazıntılar muzeyi yaradılıb. Mirəli mineroloqların və geokimyaçıların Azərbaycan məktəbinin yaradı­cısı olub.

Mirəli 1959-cu ildə Əməkdar elm və texnika xadimi adına layiq görülüb. Alim Britaniya, Rusiya, Ukrayna, İrlandiya və Amerika mineralogiya cəmiyyətlərinin həqiqi üzvü seçilib. O, 1967-ci ildə elm və dünya əlaqələri üzrə Paquoş Sülh Konfransında iştirak edib. Mirəli Qaşqay “Azərbaycanın geotermik xəritəsi”ni tərtib edib. Alim 1971-ci ildə Ümumittifaq Mineralogiya Cəmiyyətinin fəxri üzvü seçilib.

Akademik 600-dən çox elmi əsərin və 35 monoqrafiyanın müəllifidir. Mirəli Qaşqayın yer elmləri haqqında elmi əsərləri İngiltərə, İspaniya, Bolqarıstan, ABŞ, Yaponiya, Kanada və başqa ölkələrdə çap edilib. Alimin adı bir çox ölkələrin ensiklopediya və məlumat kitablarında (“Kim kimdir” – Avstriya, “Kim kimdir” – ABŞ) var.

Mirəli Qaşqay 23 aprel 1977-ci ildə Bakıda vəfat edib və I Fəxri xiyabanda dəfn olunub.

Alimin adı Bakı və Gəncənin küçələrindən birinə verilib.

 

Mənbələr:

  1. Əlamətdər və tarixi günlər təqvimi. Bakı-2011.
  2. https://science.gov.az/az/forms/skonchavshiesya-deystvitelnyie-chlenyi/3316
  3. https://science.gov.az/az/forms/osnovateli-nana/2627
  4. https://kaspi.az/az/dunya-shretli-geoloq-mireli-qasqay-azerbaycanin-orijinal-geotermik-xeritesini-tertib-edib
  5. http://atv.az/news/social/87692-mireli-qasqay-110

Ən Çox Oxunan