19 C
Gence
19 C
Gence

Azərbaycanda sovet hakimiyyəti üçün ən təhlükəli adam: İsmayıl xan Ziyadxanov

İsmayıl xan Ziyadxanov 154 il əvvəl, 15 avqust 1867-ci ildə Gəncə şəhərində anadan olub. İsmayıl xan sonuncu Gəncə xanı Cavad xan Ziyadoğlunun nəticəsidir. O, ilk təhsilini Gəncə gimnaziyasında alıb, sonra isə Moskva İmperator Universitetinin (indiki MDU) hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra Tiflis Dairə Məhkəməsində prokuror müavini vəzifəsində işləmişdir.

İsmayıl xanın siyasi fəaliyyəti 1905-ci ildə Azərbaycanda erməni daşnaklarının törətdiyi qətliamlardan sonra başlamışdır. 1906-cı ildə Ziyadxanov Yelizavetpol quberniyasının birinci Dövlət Dumasının deputatı seçilmişdir. Dumanın müsəlman fraksiyasının büro və “Xalq Azadlığı” partiyasının üzvü olub. Deputat fəaliyyəti dövründə Rus imperiyasının köçürmə siyasətini, ermənilərin törətdiyi soyqırımları tənqid etmişdir. O, Dumanın buraxılmasına etiraz etdiyinə görə, üç aylıq həbs cəzasına məhkum olunmuş və deputat seçilmək hüququndan məhrum edilmişdir.

1907-ci ilin mart ayında İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə Zaqafqaziya Ümummüsəlman İttifaqı yaradılmışdır. 1917-ci ildə Rusiya fevral burjua inqilabından sonra, Gəncədə ictimai təşkilatların icraiyyə komitəsini təşkil edib və şəhər milisinin rəisi təyin edilmişdir.

1918-ci il 18-22 mart tarixində komissar Stepan Şaumyanın əmri ilə bolşevik və erməni daşnak ordusu Şamaxıda dinc sakinləri qətlə yetirmişdilər. Martın 28-də İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə Şamaxının müdafiəsinə gələn milis dəstələri, qısa vaxt ərzində şəhəri düşməndən azad etmişdirlər. S. Şaumyan İsmayıl xan Ziyadxanovu Azərbaycanda sovet hakimiyyəti üçün ən təhlükəli adam adlandırmışdı.

İsmayıl xan Ziyadxanov Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumətinin tərkibində hərbi işlər üzrə müvəkkil işləmişdir, daha sonra Xarici İşlər nazirinin birinci müavini təyin edilmişdir.

İsmayıl xan Ziyadxanov 5 may 1920-ci ildə bolşeviklər tərəfindən güllələnmişdir.

Mənbələr:

  1. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə Quberniyasından olan dövlət xadimləri. Gəncə – 2018
  2. Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar. Bakı – 1998

 

 

 

 

 

Ən Çox Oxunan