Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə fəaliyyət göstərdiyi bina şəhərin Atatürk prospekti, 262 ünvanında yerləşir. Binanın memarı Gəncənin ilk ixtisaslı memar-mühəndisi Abuzər bəy Rzayevdir. Abidə xalq arasında “Cümhuriyyət evi”, “Cümhuriyyət binası” kimi tanınır.
Bina 1897-ci ilin martında Gəncəyə şəhər özünüidarə hüququ verildikdən sonra inşa edilib. Burada əhalinin Duma adlandırdığı “Zemstvo” idarəsi yerləşdirilib. Bu idarə şəhər küçələrinin, bağlarının, sanitariya və təhsil müəssisələrinin, ticarətin qaydaya salınması üçün çalışırdı. 1908-ci ildə isə bina Gəncə qubernatorunun iqamətgahı olub.
1918-ci ilin mayında AXC yaranır, artıq iyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçür. 1918-ci il iyunun 17-də Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə Milli Şuranın yeddinci iclası keçirilir. Həmin iclasda Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin Fətəli xan Xoyskinin sədrlik etdiyi Azərbaycan müvəqqəti hökumətinə verilməsi haqqında qətnamə qəbul edilir. Xoyskinin birinci və ikinci hökuməti məhz bu binada fəaliyyət göstərib. Üzərində səkkizguşəli ulduz və aypara təsviri olan bayraq ilk dəfə bu binada qaldırılıb.
Bina Gəncənin memarlıq üslubuna uyğun olaraq, bişmiş kərpicdən tikilib.
1931-ci ildən etibarən binada Gəncəyə köçürülmüş Kənd Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) yerləşdirilir. Hazırda bu bina ADAU-ya məxsusdur və burada Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi yerləşir.
Mənbələr:
- Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.
- Gəncənin maddi mədəniyyət abidələri. Bakı-2004.
- https://medeniyyet.az/page/news/12731/Cumhuriyyet-evi.html
- https://azertag.az/xeber/1044934
- https://www.youtube.com/watch?v=2xzsovhaZvI