25.3 C
Gence
19.5 C
Ganja

Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə çap olunmağa başlayan ilk milli mətbuat orqanı: “Azərbaycan” qəzeti

“Azərbaycan” qəzeti Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin ilk milli mətbuat orqanı olub. Qəzetin ilk nömrəsi 15 sentyabr 1918-ci ildə Gəncədə, indiki Cavad xan küçəsindəki 26 nömrəli evdə çap olunub. “Azərbaycan” qəzetində dərc olunan materialların AXC-nin tarixinin öyrənilməsində ilk mənbə kimi böyük əhəmiyyəti var.

Qəzetin fəaliyyəti dövründə Ceyhun bəy Hacıbəyli, Üzeyir bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli və Xəlil İbrahim baş redaktorlar olublar.

Gəncədə çıxan birinci nömrədə daha çox Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edilməsi haqda xəbərlər dərc edilmişdir: “Dünən gecə Azərbaycan Cümhuriyyəti hökuməti adına Qafqaz İslam Ordusunun komandanı Nuru paşa həzrətlərindən belə bir teleqram gəlmişdir: “Bismillahir rəhmanir rəhim! Bakı şəhəri 15.09.18, saat 9-a işləmiş igid ordu hissələrimiz tərəfindən alındı”.

“Azərbaycan” qəzetinin Gəncə dövrü 10 gün davam etdi. Bu müddətdə qəzetin dörd nömrəsi işıq üzü gördü və sonuncu nömrə 25 sentyabrda çap edildi. Qəzetin dördüncü nömrəsinin Azərbaycan dilindəki səhifəsində Abid imzalı müəllifin “Yerini bulmuş arzular” başlıqlı məqaləsi verilmişdir. Məqalədə XIX əsrin əvvəllərində Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğal edildiyi dövrdən, azərbaycanlıların yadelli işğalçılara qarşı azadlıq mübarizəsindən və nəticədə öz istiqlalına nail olmasından bəhs olunurdu. Sonra “Azərbaycan” qəzetinin redaksiyası Bakıya köçdü.

1918-1920-ci illər arasında qəzetin 443 nömrəsi çıxıb. Bu illərdə çap olunan saylarda Azərbaycanın dövlət, ictimai-siyasi, iqtisadi və mədəni həyatı əks olunub. Həmçinin ictimai-siyasi xadimlərə aid məqalələr dərc edilib.

Qəzetdə daşnak generalı Andranikin Zəngəzur, Naxçıvan və Qarabağda Azərbaycan xalqına qarşı törətdiyi soyqırım, Ermənistan ərazisində yaşayan azərbaycanlıların taleyi, onların kütləvi öldürülməsi və ata-baba torpaqlarından qovulması haqqında xeyli məlumatlar çap olunub.

“Azərbaycan”ın sonuncu nömrəsi 27 aprel 1920-ci ildə çıxıb. AXC-nin müstəqilliyi ilə birlikdə “Azərbaycan” qəzetinin fəaliyyətinə də son qoyuldu.

1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra qəzet yenidən “Azərbaycan” adı ilə nəşr olunmağa başladı.

Mənbələr:

  1. Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı-2004.
  2. https://novator.az/2019/09/20/az-rbaycanin-h-yati/
  3. Foto: Azǝrbaycan” qǝzeti (1918-1920).