Rusiya imperiyasının ayrıseçkilik siyasəti nəticəsində Azərbaycanda əhaliyə tibbi xidmət aşağı səviyyədə idi. Burada əhalinin sağlamlığını qoruyan dövlət sistemi yox idi. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) isə yarandığı gündən səhiyyə sahəsində tədbirlərə başlamışdır.
Azərbaycanın Səhiyyə nazirliyi 17 iyun 1918-ci ildə Gəncədə yaradılıb. Azərbaycanın ilk Səhiyyə naziri Arərbaycanda ilk ali təhsilli cərrah həkim gəncəli Xudadat bəy Rəfibəyli təyin olunub.
Səhiyyə Nazirliyinin beş şöbəsi var idi: şəhər və məhkəmə tibbi şöbəsi, tibbi statistika, əczaçılıq, kənd səhiyyəsi, baytarlıq və sanitariya şöbələri. AXC hökuməti 1919-cu ilin fevralında səhiyyənin inkişafı üçün 4,5 milyon manatdan çox vəsait ayırdı. Nazirliyin göstərişi ilə əhaliyə pulsuz tibbi xidmət göstərilirdi.
Bakı, Gəncə, Şuşa və Lənkəranda pulsuz dövlət xəstəxanaları, 35 yeni kənd xəstəxanası, 56 feldşer məntəqəsi, şəhərlərdə apteklər açıldı. Gəncə yaxınlığında yoluxucu xəstəliklərin əleyhinə məntəqə təşkil olundu. Dövlət tibb müəssisələrini dərman və avadanlıqlarla təmin etmək üçün dövlət aptek anbarı və laboratoriyası yaradıldı. Hökumət tibb xidməti heyətini genişləndirmək məqsədilə qısamüddətli tibb işçiləri kursları açdı. Kəndlərdə əhaliyə tibbi yardım göstərmək üçün şəhərlərdən sanitar dəstələr göndərilirdi.
Hökumət erməni-daşnak dəstələrinin törətdikləri faciələr nəticəsində qaçqın salınmış azərbaycanlıları yerləşdirir, yaralılara və xəstələrə tibbi yardım göstərirdi. Qaçqınların çox olduğu yerlərdə 15 yeni həkim nəzarətçi dəstəsi yaradılmışdı.
Orduda tibb işçilərinə rəhbərlik etmək üçün Hərbi Nazirliyin tərkibində hərbi-sanitar hissəsi adlı bölmə yaradıldı. Həkimlər könüllü və icbari qaydada Hərbi Nazirlik sistemində işləməyə cəlb olunurdu. Həmçinin hərbi hissələrdə əsgər xəstəxanaları və Gəncə, Şuşa, Bakıda hərbi xəstəxanalar açıldı. Hərbi-sanitar kadrlarının hazırlanması üçün hərbi nazirin əmri ilə hərbi hissələrdə 2 aylıq sanitar kursları açıldı.
1920-ci ilədək Azərbaycanda 353 həkim, 450 orta tibb işçisi, 1123 yerlik xəstəxana var idi.
Mənbələr:
- Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı-2004.
- Həsənbala Sadıqov. Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı və mübariz qərargahı Gəncə. Gəncə-2018.
- https://www.medicina.az/milli-sehiyye-tarixi-cumhuriyyetin-ilk-tibb-ordusu