“Xan qızı” tarixi dram əsəri 1972-ci ildə ərsəyə gəlib. Bu dram əsərinin müəllifi gəncəli yazıçı Fəridə Əliyarbəylidir. Fəridə Əliyarbəyli ilk dəfə Azərbaycan teatrında xan qızı Xurşidbanu Natəvan haqqında tarixi dram əsərinin yazılmasına müvəffəq olub.
Fəridə Əliyarbəyli bu dram əsərinin yaranma tarixindən xatirələrində qeyd edirdi: “70-ci illərin əvvəllərində xalq artisti Məhəmməd Bürcəliyev mənim dram əsəri yazmağımın səbəbkarı oldu. Mən bu xeyirxahlığı heç zaman unutmaram. Biz ailəvi dost idik. Bir gün yenə bir yerə yığışıb söhbət edirdik ki, o, mənə Xurşidbanu Natəvan haqqında pyes yazmağımı məsləhət gördü. Elə bu söhbətdən sonra mən Natəvan haqqında axtarışlar etdim və “Xan qızı”nı – ilk pyesimi yazdım…”.
“Xan qızı” dram əsəri 1972-ci ildə Gəncə Dövlət Dram teatrında səhnələşdirilib. Tamaşanın quruluşçu rejissoru xalq artisti Vaqif Şərifovdur. Tamaşada Xurşidbanu Natəvan obrazını xalq artisti Sədayə Mustafayeva ifa edib. Müəllif bu haqda belə yazıb: “…Pyes üzərində işləyərkən nədənsə həmişə xalq artisti Sədayə Mustafayevanın xoş siması gözlərimin önündən getmirdi. Sanki mən Xan qızı haqqında düşünərkən elə səhnədə artıq Sədayə xanımı görürdüm. Xan qızı obrazını məhz xalq artisti Sədayə xanım Mustafayeva üçün yazdım…”.
Pyesdə hadisələr XIX əsrdə Şuşada cərəyan edir. Tamaşada xan qızının yaşayıb, yaratdığı günlər və həyatı haqqında bəhs edilir.
Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlub. O, iki böyük nəslin – Cavanşirlərin və Ziyadoğlu Qacarların qanını daşıyıb. Xurşidbanu Natəvanın atası Mehdiqulu xan Qarabağ xanı İbrahimxəlil xanın kiçik oğlu, anası Bədircahan bəyim isə Gəncə xanı Cavad xanın oğlu Uğurlu xanın qızıdır.
Mənbələr: