Yaqub Abbas oğlu İsmayılov 21 noyabr 1916-cı ildə Gəncə şəhərinin Ozan məhəlləsində anadan olub.
1930-cu ildə yeddiillik məktəbi bitirən İsmayılov təhsilini Gəncə Sənaye Texnikumunda davam etdirir. 1935-ci ildə texnikumu bitirdikdən sonra texnikum rəhbərliyinin göndərişi ilə Tbilisi Sənaye İnstitutuna göndərilir və 1941-ci ildə Tbilisi Sənaye İnstitutunun inşaat fakültəsini bitirir.
O, SSRİ Aviasiya Sənayesi Nazirliyinin təyinatı ilə Bakıya, Azərbaycan SSR Nazirlər Sovetinin nəzdində olan “Azərdövləttikinti” trestinin sərəncamına göndərilir. İsmayılov 1941-1954-cü illər arasında bu trestdə iş icraçısı, istehsalat-texniki şöbəsinin rəisi vəzifələrində çalışaraq trestin baş mühəndisi vəzifəsinə qədər yüksəlib. O, 1954-cü ildə Azərbaycan SSR Şəhər və Kənd Tikintisi Nazirliyinə əvvəlcə texniki şöbənin rəisi, sonra isə nazir müavini vəzifəsinə təyin edilib və burada 1956-cı ilə kimi çalışıb.
İsmayılov 1956-cı ildə Azərbaycan KP MK və Nazirlər Sovetinin qərarı ilə yeni təşkil olunan “Bakıbaştikinti” idarəsinin baş mühəndisi, 1957-ci ildə Azərbaycan SSR Tikinti Nazirinin birinci müavini vəzifəsinə təyin olunmuşdur. 1959-cu ildə Azərbaycan SSR tikinti naziri təyin olunan inşaatçı 1962-ci ilə kimi bu vəzifədə çalışmışdır. Həmin ildə İsmayılov Azərbaycan SSR Dövlət Tikinti İşləri Komitəsinə sədr təyin olunmuş və 16 il bu vəzifədə çalışmışdır.
Yaqub İsmayılov dəfələrlə Bakı şəhər Sovetinin deputatı, VI, VII, VIII və IX çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
İsmayılov 1978-ci ildə təqaüdə çıxmış, lakin elmi fəaliyyətini davam etdirərək, 1981-ci ildə keçmiş SSRİ Dövlət Tikinti Komitəsinin Bakı şəhərində fəaliyyət göstərən “Beton və dəmir-beton” elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmişdir.
İnşaatçı 2 dəfə “Qırmızı Əmək Bayrağı” və “Lenin” ordenləri, Respublika Ali Sovetinin fəxri fərmanlarına, Sumqayıt şəhərinin layihələndirilməsi və tikintisinə verdiyi töhfəyə görə isə SSRİ Nazirlər Sovetinin Mükafatına layiq görülüb.
Yaqub İsmayılov 3 oktyabr 1983-cü ildə 67 yaşında vəfat edib və İkinci Fəxri xiyabanda dəfn edilib.
Mənbələr:
- İbrahimov B.M., Allahverdiyev Z.M. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası: ATKE: I cild. Bakı-2012.
- http://old.xalqqazeti.com/az/news/culture/78149