Göygöl Milli Parkı Gəncə şəhərinə yaxın, Göygöl, Daşkəsən və Goranboy rayonlarının
inzibati ərazilərində yerləşir. Park 1 aprel 2008-ci ildə yaradılıb.
1910-1912-ci illərdə bu ərazidə qoruq yaradılması məsələsi qaldırılır. Belə fikrin
olmasına baxmayaraq, yalnız sovet dövründə, 1925-ci ildə Göygöl Dövlət Təbiət
Qoruğu yaradılır. Bu Azərbaycanın ilk qoruğu idi. Bir müddətdən sonra qoruq ləğv edilir,
lakin ictimaiyyətin arzu və təkliflərinə əsasən 1965-ci ildə yenidən təşkil edilir.
Həmin illərdən 2008-ci ilə qədər qoruğun sahəsi 6 739 hektar idi. Göygöl Dövlət Təbiət
Qoruğu Milli Park statusu aldıqdan sonra isə, onun ərazisi artırılaraq, 12 755 hektara
çatdırılıb.
Göygöl Milli Parkı burada yerləşən göllər ilə məşhurdur. 1139-cu ildə Gəncə zəlzələsi
nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və ən böyüyü Göygöl
olmaqla tərkibində 7 böyük və onlarla fərqli göllər şəbəkəsi meydana gəlib. Onların
sırasına Maralgöl, Qaragöl, Zəligöl, Ağgöl, Şamlıgöl və başqa göllər də daxildir.
Göygöl Milli Parkında müxtəlif bitki və ağac növləri var. Buna səbəb parkın 1100-2200 m
hündürlükləri əhatə edən dağ meşələri ilə əhatə olunmasıdır. Burada 80-ə qədər ağac
və kol növü bitir. Ağac növlərindən şərq fıstığı , şərq palıdı, tozağacı, adi göyrüş ,
ağcaqayın, cökə, Kox şamı kimilərini qeyd etmək olar. Həmçinin Milli Parkda zoğal,
zirinc, itburnu, əzgil, gərməşov, böyürtkən, Qafqaz bənövşəsi, zəngçiçəyi çobanyastığı,
şırımlı topal, ağbığ və başqa bitkilər mövcuddur. Ərazidə bitən növlərin bəziləri
“Qırmızı Kitab”a daxildir.
Göygöl Milli Parkının ərazisində heyvan növlərindən Qafqaz maralı, Avropa cüyürü ,
qonur ayı, meşə pişiyi, vaşaq, daşlıq dələsi, gəlincik, xırda köstəbək,
ağqarın ağdiş və başqaları, quş növlərindən bildirçin, meşə göyərçinadi qur-qur, meşə
cüllütü, göl qağayısı sarıköynək və digər yayılmışdır. Bu heyvan və quşlardan bəziləri
nadir növ olduqları üçün “Qırmızı Kitab”a daxildir.
Göygöl Milli Parkında təbiət rəngarəngliyi, bitki və heyvanlar aləminin zənginliyi
ekoturizm fəaliyyətinin təşkili və inkişafına,əraziyə böyük sayda yerli və xarici turistlərin
cəlb edilməsinə şərait yaradır.
Mənbələr:
1. İbrahimov T.O., Şabandayeva A.D. Göygöl Dövlət Qoruğu. Bakı-2012.
2. https://www.youtube.com/watch?v=as7L_vCL_Os
3. http://eco.gov.az/index.php?pg=87
4. https://nationalparks.az/parklar/goygol-milli-parki
5. http://www.anl.az/down/meqale/525/2020/sentyabr/715514.htm
6. http://www.e-qanun.az/framework/16010
7. https://oxu.az/society/88300