16.4 C
Gence
16.4 C
Gence

Azərbaycanın ilk musiqi məktəbi

Gəncədə Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbi yerləşir.

Musiqi məktəbi 1923-cü ildə bəstəkar Məşədi Cəmil Əmirovun (Fikrət Əmirovun atası) təşəbbüsü və bəstəkar Üzeyir Hacıbəyovun, müğənni Bülbülün köməkliyi ilə təsis edilib. Bu sənət ocağı Azərbaycanın ilk musiqi məktəbidir. Üzeyir Hacıbəyovun təklifi ilə buraya direktor vəzifəsinə Məşədi Cəmil Əmirov təyin edilmişdi.

Burada tədris planlarının hazırlanması üçün Moskvadan, Kiyevdən, Sankt-Peterburqdan və başqa yerlərdən ali musiqi təhsilli müəllimlər dəvət edilirdi.

Gəncə musiqi məktəbinin direktoru olmuş İsax Bağırov Üzeyir Hacıbəyovun sənət ocağına köməyini belə xatırlayır: “Üzeyir Hacıbəyov 1933-cü ilin sentyabrında Musiqi texnikumuna gəldi. Bəstəkarın təklifi ilə biz evbəev gəzərək skripka və violonçeldə çalmaq üçün milli kadrlar topladıq. Üzeyir müəllimin göstərişi ilə onları ikiqat təqaüdlə təmin etdik. Elə bu bünövrə üzərində bir neçə ildən sonra şəhərimizdə artıq violonçelçalanlar ansamblı və kamera orkestri fəaliyyət göstərməyə başladı”.

Məktəb fəaliyyətə başlayandan buraya Həmzə Əliyev, İsax Bağırov, Fikrət Əmirov, Tağı İsazadə, Zinaida Kərimova, Abbasəli Əliyev, Nürəddin Əhmədov və başqaları rəhbərlik ediblər. Görkəmli bəstəkarlar Fikrət Əmirov, Telman Hacıyev, Qəmbər Hüseynli, Faiq Nağıyev, dirijor və xalq artisti Nəriman Əzimov, xalq artisti Azad Əliyev, professor Bayandur Mehdiyev vaxtı ilə bu musiqi məktəbində təhsil alıblar.

Məktəbdə dörd şöbə fəaliyyət göstərir: fortepiano şöbəsi, simli və nəfəsli alətlər şöbəsi, xalq çalğı alətləri və nəzəriyyə şöbəsi.

1987-ci ildən məktəb Fikrət Əmirovun adını daşıyır.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Mənbələr:

  1. http://anl.az/el/emb/F.Emirov/xatire2.htm 
  2. http://music.mctgov.az/az/view/366/112/Gence_seher_Fikret_Emirov_adina_1_nomreli_Usaq_Musiqi_Mektebi
  3. https://ganja.mctgov.az/az/view/360/83/Gence-seher-Mektebin-adi:-Fikret-Emirov-adina-1-nomreli-Usaq-Musiqi-Mektebi
  4. http://etmtv.news/g%C9%99nc%C9%99nin-ilk-musiqi-m%C9%99kt%C9%99bi/
  5. https://kaspi.az/az/zeyir-hacibeyli-gencede-musiqi-senetinin-inkisafinda-byuk-rol-oynayib/

Ən Çox Oxunan