1918-ci ildə Azərbaycan ilk dəfə öz müstəqilliyini elan etdikdən sonra hökumət Dövlət Bayrağının necə olması haqqında düşünməyə başladı. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Bayrağı 21 iyun 1918-ci ildə qırmızı rəngli, orta hissəsində ağ aypara və səkkizguşəli ulduzun təsviri verilmiş şəkildə qəbul edilmişdır. Lakin 9 noyabr 1918-ci ildə AXC-nin hökumət başçısı Fətəli xan Xoyskinin məruzəsi əsasında üçrəngli, ay-ulduzlu bayraq Dövlət Bayrağı kimi təsdiq edildi.
Üçrəngli Bayrağın təsisçi və yaradıcılarından biri AXC-nin qurucularından olan Məhəmməd Əmin Rəsulzadə idi. Məhz həmin Bayraq 5 fevral 1991-ci ildə Azərbaycan Respublikasının dövlət rəmzi kimi qəbul edilmişdir. 2010-cu ildən hər il 9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günü olaraq qeyd edilir.
Azərbaycanın Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Bayraqda olan mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.