5.8 C
Gence
5.8 C
Gence

Azərbaycanın bir çox qadınları tərəfindən tənqid olunan “Sahilsiz gecə” filmi

“Sahilsiz gecə” filmi 1989-cu ildə çəkilib. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə yazıçı Elçinin “Toyuğun diri qalması” povesti əsasında ekranlaşdırılıb. Ekran əsərinin quruluşçu rejissoru gəncəli aktyor Şahmar Ələkbərovdur.

Filmin ekranlara çıxması onun ətrafında böyük qalmaqal yaradır. Buna səbəb filmdə müharibə dövründə qadınların həyatından bəzi məqamların göstərilməsi idi. Ekran əsərində üç azərbaycanlı qadının yüngül həyat tərzi keçirməsindən, əslində isə onların bir qadın kimi faciəsindən, bu yola düşməyə məhkum edilmələrindən və ona etirazdan bəhs edilir. Filmin çəkilməsinin əsas məqsədi insanlara ömrünü ləyaqətlə yaşamağı göstərmək idi.

“Sahilsiz gecə”nin baş qəhrəmanı Zibeydə (Oğuldurdı Məmmədquliyeva) müharibə dövründə pis yola düçar olmuş qadındır. Onu bu yola çəkən adamlar arasında bir erməni qadını da var. Artıq ahıl yaşlarında Zibeydənin mənəvi oyanışı göstərilir. O, kənddə iki gəncin sevgisinə şahid olur və sirri saxlamaq üçün pul istəyir, lakin sonra nakam məhəbbətini yada salır və fikrindən daşınır. Türkmənistanlı aktrisanın filmə dəvət olunması Zibeydə roluna azərbaycanlı aktrisaların çəkilməyə razılıq verməməsi səbəb olur.

Azərbaycanın bir çox qadınları filmə və Şahmar Ələkbərova qarşı sərt mövqe nümayiş etdirirlər. Qadınlar kinostudiyanın qarşısında piket keçirir, filmi ləğv etdirmək istəyirlər. Hətta Ələkbərova zəng eləyirlər ki, kinostudiyaya gəlmə, səni öldürərlər. Daha sonra məlum olur ki, bu piketin keçirilməsində kinostudiyada işləyən ermənilərin əli var.

“Sahilsiz gecə” filmi cəmi bir neçə dəfə nümayiş olunduqdan sonra bir də göstərilmədi. Hal-hazırda da Azərbaycan telekanallarında, demək olar ki, hələ də onun yayımına rast gəlinmir.

Filmdə Mehriban Xanlarova (gənc Zibeydə), Səfurə İbrahimova (Dürdanə), Kəmalə Hüseynova (gənc Dürdanə), Nuriyyə Əhmədova (Roza), Muxtar Maniyev (İsrafil), Tələt Rəhmanov (Səfər), Nazim Ağayev (mahnı oxuyan), Tariyel Qasımov (Dürdanənin tanışı), Loğman Kərimov (Faytonçu), Dadaş Kazımov (Bəşir) və digər aktyorlar çəkilib.

Mənbələr:

  1. https://kulis.az/xeber/media/filmine-qadaga-qoyuldu-agir-xesteliye-tutuldu-olum-ayaginda-hec-kimi-gormek-istemedi-sahmar-elekberov-haqqinda-bilmediklerimiz-42204
  2. https://baku.ws/kino/49628
  3. https://modern.az/az/news/35272

Ən Çox Oxunan