Çingiz Mehdi oğlu Cuvarlı 1 may 1913-cü ildə Gəncədə anadan olub. Anası AXC-nin baş naziri Nəsib bəy Yusifbəylinin doğma bacısı, atası Azərbaycanın ilk baytar həkimi olmuşdur.
O, 1922-1931-ci illərdə orta məktəbdə oxuyub, 1931-1936-cı illərdə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) energetika fakültəsində təhsilini davam etdirib. Əmək fəaliyyətinə 1936-1938-ci illərdə Mərkəzi istehsalat-tədqiqat laboratoriyasının və “Azenerji”nin mühəndisi kimi başlayıb. Sonralar o, Bakı şəhər elektrik şəbəkəsinin baş mühəndisi, Gəncə elektrik şəbəkəsinin direktoru və baş mühəndisi vəzifələrində çalışıb.
1938-ci ildə gənc mühəndis Çingiz Cuvarlı Bakı şəhərində ağır nəticələr törədə biləcək qəzanın qarşısının alınmasında şəxsən iştirak edir. Bu barədə xəbər tutan respublika rəhbəri Mircəfər Bağırov bir müddət əvvəl alimin yaxın qohumu olan, Xalq Maarif Komissarı Məmməd Cuvarlinskini şəxsən güllələməsinə baxmayaraq, Çingiz Cuvarlını qiymətli mütəxəssis kimi qorumaq haqda göstəriş verir.
Alim 1936-1942-ci illərdə ADNSU-nun müəllimi və elmi işçisi, 1944-1947-ci illər Azərbaycan Elmlər Akademiyasının (AEA) Kirovabad (indiki Gəncə) elmi-tədqiqat bazasında baş elmi işçi, 1954-1960-cı illərdə indiki BDU-nun professoru olub. O, həmçinin 1959-1960-cı illərdə AEA-nın müxbir üzvü, 1960-1962-ci illərdə AEA Energetika İnstitutunun direktoru, 1961-1998-ci illərdə ADNSU-nun professoru, 1962-1985-ci illərdə AEA Fizika İnstitutunun Fizika və yüksək gərginliklər texnikası laboratoriyasının rəhbəri idi.
Alim Azərbaycan elektrofizika məktəbinin banisi olub. O, ömrünün 67 ilini Azərbaycan energetika elminin inkişafına sərf edib.
Cuvarlı Azərbaycan SSR və SSRİ Dövlət mükafatı laureatı olmuş, SSRİ-nin Fəxri energetiki, “Azərbaycan SSR Əməkdar elm xadimi” adlarını almışdır. Alim Beynəlxalq Energetika Akademiyasının Qızıl medalına layiq görülmüş, 1998-ci ildə “Fəxri Ziyalı” diplomu ilə təltif olunmuşdur.
Cuvarlı yüzlərlə elmi məqalənin, monoqrafiyanın, ali məktəblər üçün metodik vəsaitlərin, keçmiş SSRİ-nin Enerji Nazirliyi üçün rəhbər-direktiv materialların və bir sıra elmi-kütləvi kitabların müəllifidir.
Çingiz Cuvarlı 13 avqust 2000-ci ildə vəfat edib.
Mənbələr: