16.4 C
Gence
16.4 C
Gence

Azərbaycan ədəbiyyatının tədqiqində iz qoyan alim Həmid Araslının 113 illiyidir

Həmid Hacı Məmmədtağı oğlu Araslı 23 fevral 1909-cu ildə Gəncədə anadan olub.

O, ilk təhsilini mədrəsədə, sonra isə Gəncədə seminariyada alıb. Araslı 1929-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil və ədəbiyyat fakültəsinə, 1932-ci ildə isə həmin universitetin aspiranturasına daxil olub.

Həmid Araslı SSRİ Elmlər Akademiyasının (EA) Azərbaycan filialında elmi kitabxananın şərqşünaslıq şöbəsinin müdiri vəzifəsində çalışıb. O, şərq əlyazmalarını toplayaraq Əlyazmalar Fondunu yaradıb və fondun direktoru vəzifəsini icra edib. Tədqiqatçı Nizami adına Ədəbiyyat və Dil İnstitutunda müxtəlif şöbələrə rəhbərlik edib.

Həmid Araslı 1944-cü ildə Azərbaycan Dövlət Universitetində Yaxın Şərq ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə təyin edilib. 1955-ci ildə professor adını alıb və sonra Azərbay­can SSR EA-nın müx­­bir və həqi­qi üzvü seçilib.

Araslı Nizami Gəncəvi haqqında ilk dəfə araşdırma aparanlardan biri olub. O, “Xəmsə”də 100-ə qədər türk sözlərinin olduğunu və Azərbaycan atalar sözlərindən istifadə olunduğunu müəyyən edib, bununla Nizami Gəncəvinin türk olmasını sübut edib.

Alim “Dədə Qorqud” dastanını tədqiq edib və 1939-cu ildə latın qrafikalı əlifba ilə çap etdirib. Araslı eposun Azərbaycan dili qanun-qaydalarına çox uyğun olduğunu elmi əsaslarla sübut edib. Həmin dövrdə “Dədə Qorqud”a millətçilik damğası vurulur və Araslı tənqid və təqiblərə məruz qalır. Lakin o, buna etirazını bildirir, dastanla bağlı araşdırmalarını davam etdirir və sonrakı illərdə düzəlişlərlə dərc etdirir.

Həmid Araslı şair Füzuli haqqında ilk böyük tədqiqat əsərini yazıb. O, Qətran Təbrizi , Xaqani Şirvani, Məhsəti Gəncəvi, Nəsimi, Xətai kimi şairlərin yaradıcılığını ilk mənbələr əsasında araşdırıb. Araslı onların bir çoxunun əsərlərini ilk dəfə nəşr etdirib. Alim iki­cild­lik “Müx­tə­sər Azərbaycan ədə­biyyatı tarixi”, üçcildlik “Azərbaycan ədəbiyyatı tari­xi” kitablarının əsas müəllif­lə­rin­dən biridir.

Akademik Azərbaycan və Özbəkistanın Əməkdar elm xadimi adına layiq görülüb, Türkiyədə Türk Dil Qu­ru­munun, İraq EA-­nın və İor­da­ni­ya Kral Cəmiy­yətinin üz­vü seçilib.

Həmid Araslı 1983-cü ildə Ba­kıda vəfat edib və Fəxri xiya­banda dəfn olunub.

Mənbələr:

  1. Elm ələmində dünya hadisəsi. Bakı-2016.
  2. Səs qəzeti. Həmid Araslı – 110. 29 noyabr, 2019 il.
  3. https://www.muallim.edu.az/www.old/arxiv/2011/06/16.htm
  4. https://science.gov.az/az/forms/skonchavshiesya-deystvitelnyie-chlenyi/3225
  5. http://www.milliarxiv.gov.az/az/tarixin-zulmetleri-icinde-inciler-arayan-alim-hemid-arasli

Ən Çox Oxunan