10.3 C
Gence
10.3 C
Gence

“Ay işığında” mahnısının ərsəyə gəlməsinin tarixindən

“Ay işığında” mahnısı 1956-cı ildə ərsəyə gəlib. Nəğmənin sözləri gəncəli şair Zeynal Xəlilə, musiqisi isə gəncəli bəstəkar Qəmbər Hüseynliyə məxsusdur.

Mahnının sözləri olan şeiri Zeynal Xəlil 1942-ci ildə gələcək həyat yoldaşı Zəkiyə xanıma həsr edib. 1942-ci ilin yaz axşamında şair Səməd Vurğun, həyat yoldaşı Xavər xanım və 17 yaşlı Zəkiyə xanım “Torqovı” küçəsində (indiki Nizami küçəsi) gəzməyə çıxır. Həmin vaxt dostları ilə Opera və Balet Teatrından qayıdan Zeynal Xəlil Səməd Vurğunla qarşılaşır. O, Zəkiyə xanımı görüb, bəyənir. Zəkiyə xanımın gözəlliyinə vurulan Zeynal Xəlil “Ay işığında” şeirini yazır. Bir müddət sonra isə onlar evlənirlər.

Mən səni gördüm ay işığında,

Könlümü verdim ay işığında

Zeynal Xəlil və Qəmbər Hüseynli yaxın dost olublar və hər ikisi Gəncədə anadan olub. İlk dəfə “Ay işığında” şeiri ilə tanış olanda Qəmbər Hüseynli mətni elə bəyənir ki, o, bir gün ərzində – Gəncədən Bakıya gələrkən yol boyu mahnı bəstələməli olur.

Deyilənlərə görə, Qəmbər Hüseynlinin olduğu qatarda nasazlıq baş verir və qatar uzun müddət dayanmalı olur. Bundan darıxan bəstəkar havaya çıxır. Yaz gecəsini işıqlandıran aya baxaraq, hələ də təsirində olduğu “Ay işığında” şeirindən ilhamlanaraq mahnının melodiyasını notlara çevirir.

Yenə gəl bizə duraq üz-üzə

Ay işığında, ay işığında

Mahnı hazır olduğu vaxt onu bir neçə ay fərqlə iki sənətçi – əvvəlcə Mirzə Babayev, sonra isə Gülağa Məmmədov ifa edir. Mirzə Babayev royalın, Gülağa Məmmədov isə orkestrin müşayiəti ilə səhnəyə çıxırlar. Lakin “Ay işığında” mahnısı daha çox müğənni Nərminə Məmmədovanın ifasında məşhurdur.

Nəğmənin digər ifaçılarından biri Sara Qədimovadır. 1961-ci ildə Qəmbər Hüseynli vəfat edərək Gəncədə dəfn olunarkən onun məzarının başında Sara Qədimova “Ay işığında” əsərini hüzn və kədərlə ifa etmişdir.

Həmçinin mahnını Şövkət Ələkbərova da oxuyub. Məhz o, ilk dəfə İranda və başqa ölkələrdə qastrol səfərlərində bu nəğməni fars dilində ifa edib. Həmçinin bu ifanı fars dilində Əbülfət Əliyev oxuyub. Müasir oranjimanda “Ay işığında”nı ilk ifa edənlərdən biri gitaraçı Rəmiş olub.

“Ay işığında” nəğməsini, həmçinin türk müğənnisi Yıldız Tilbə ifa edib.

Mənbələr:

  1. https://www.youtube.com/watch?v=8qlNtLuFD1k&list=PLmBIdPJozgD59xoLNBejvLmXjHUtmZx1C&index=56
  2. https://m.modern.az/az/news/66076/menim-qonsum-zeynal-xelil-
  3. https://anaveusaq.az/bas-redaktor/3972-biz-amal-ugrunda-charpishiriq-qezetler-de-bizim-qalalarimizdir-v-yazi.html

Ən Çox Oxunan