Məhəmməd Bağır bəy Saleh bəy oğlu Şeyxzamanlı (Şeyxzamanov) 1880-ci (1881) ildə Gəncədə, Gəncənin qədim Şeyxzamanlılar nəslindən olan ailədə anadan olub.
İlk təhsilini o, Gəncə Şəhər Gimnaziyasında alıb. Şəhərin mədəni həyatında yaxından iştirak etmiş Şeyxzamanlı 1906-cı ildə dram cəmiyyəti təşkil edərək, Azərbaycan, Avropa dramaturqlarının əsərlərini tamaşaya qoyurdu. Məhəmməd Bağır bəy, həmçinin “Difai” partiyasının Gəncə şöbəsinin yaranmasında və fəaliyyətində yaxından iştirak etmiş və şəhər dumasının üzvü olmuşdur.
Şeyxzamanlı fevral inqilabından (1917) sonra Nəsib bəy Yusifbəylinin Gəncədə yaratdığı “Türk Ədəmi-Mərkəziyyət partiyası”na daxil olub. Həmin partiya “Müsavat”la birləşdikdən sonra “Türk Ədəmi-Mərkəziyyət Firqəsi-Müsavat”ın üzvü kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında və fəaliyyətində mühüm rol oynayıb.
AXC dövründə Şeyxzamanlı parlamentin deputatı seçilib. 1919-cu il iyunun 11-də Azərbaycan Dövlət Müdafiə Komitəsinin (DMK) Əks-inqilabla Mübarizə Təşkilatı (tarixi ədəbiyyatda Əks-kəşfiyyat Xidməti də adlanır) yaradılmışdı. Təşkilat Azərbaycan Xalq Cümhuriyyətinin ilk xüsusi orqanı idi. Bu təşkilatın ilk sədri məhz Məhəmməd Bağır bəy Şeyxzamanlı olmuşdu. 1919-cu il avqustun 20-də Məhəmməd Bağır bəy Şeyxzamanlı öz xahişi ilə istefa vermiş və əvəzinə qardaşı Nağı bəy Şeyxzamanlı təyin edilmişdi. O, həmçinin dövri mətbuatda xeyli məqalə dərc etdirmişdir.
Məhəmməd Bağır bəy Şeyxzamanlı 1920-ci il Gəncə üsyanından sonra bolşeviklər tərəfindən həbs edilib. O, Ali İnqilabi Tribunalın hökmü ilə həmin il mayın 29-da güllələnib.
Gəncədə Məhəmməd Bağır bəy Şeyxzamanlının vaxtı ilə yaşadığı evə xatirə lövhəsi vurulmuşdur. Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” kitabında Şeyxzamanlını “İstiqlal Şəhidi” adlandırmışdır.
Mənbələr:
- İstiqlal fədailəri – Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər nazirləri və silahdaşları (1918-1920-ci illər). Bakı-2013.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: II cild. Bakı-2005.