21.4 C
Gence
21.4 C
Gence

Çarli Çaplinin ifa etdiyi Gəncəli bəstəkərın “Cücələrim” əsəri

Gəncəli Bəstəkar Qəmbər Hüseynlinin bir çox tanınmış mahnıları var. Lakin bəstəkarın sənətində ən böyük uğur “Cücələrim” mahnısıdır.

Qəmbər Hüseynli bu mahnını 1947-1948-ci illərdə şair Tofiq Mütəllibovla birgə yaratmışdır. Tofiq Mütəllibov xatirələrində bu haqda belə yazmışdır: “Bir gün Qəmbər Hüseynli mənə zəng edib evlərinə dəvət etdi. “Cücələrim” mahnısının melodiyasını çaldı. Dedi ki, bu musiqiyə mətn yaza bilərsənmi? Razılıq verdim. …Beləliklə, məşhur “Cücələrim” meydana gəldi. O, həmişə deyərdi: “Mən əminəm ki, “Cücələrim”in səyahəti böyük olacaq”. …Əgər o, ömrü boyu “Cücələrim” mahnısından başqa heç bir əsər yazmasaydı, yenə də musiqi tarixində layiqli yer tutacaqdı. Bir əsərlə dünyada məşhurlaşmaq hər sənətkara nəsib olmur. Qəmbər Hüseynli “Cücələrim” mahnısı ilə sağlığında özünə abidə ucaltdı”.

1950-ci illərdə Azərbaycan kinosunun bir qrup nümayəndəsi Fransaya dəvət alır. Kino işçiləri həmin tədbirdə aktyor Çarli Çaplinlə görüşürlər. Çaplin qonaqların haradan gəlməsi ilə maraqlanır. Azərbaycan adı eşitikdən sonra pianonun arxasına keçərək “Cücələrim”in melodiyasını ifa edir və deyir: “Demək siz bu melodiyanın vətənindənsiniz? Məndən o bəxtəvər bəstəkara salam yetirin”.

1955-ci ildə İsveçrəyə gedən SSRİ nümayəndələrini təyyarə meydanında “Cücələrim” melodiyası ilə qarşılayıblar. Elə həmin illərdə Çexoslovakiyaya dəvət alan sovet nümayəndələrini qarşılayanda SSRİ himni əvəzinə səhvən “Cücələrim” melodiyası ifa edilib.

1968-ci ildə Hindistanda qastrolda olan müğənni Elmira Rəhimovanı stadionda 30 min tamaşaçı eyni anda xorla “Cücələrim” mahnısı ilə qarşılayıb.

1969-cu ildə “Cücələrim” Sovet cizgi filmi “Nu, poqodi!”nin bir bölümünə salınıb və azərbaycan dilində səslənib.

 

“Cücələrim” mahnısının ilk ifaçısı Qəmbər Hüseynlinin “Sazçı qızlar” ansamblının solisti Səmayə Mirzəyeva olub. Mahnının sonrakı ifaçıları Əməkdar İncəsənət Xadimi Arif Qazıyev və Münəvvər Seyfullayev olub. “Cücələrim” mahnısı bir çox dövlətlərdə musiqi tədrislərində istifadə edilməyə başlanılıb və dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub.

14 sentyabr 1979-cu ildə “Cücələrim” üçün Gəncədə ayrıca muzey yaradılıb. “Cücələrim” adına muzey yaradılan yeganə uşaq mahnısıdır.

Mənbələr:

  1. http://anl.az/down/meqale/medeniyyet/2010/aprel/114563.htm
  2. https://teref.az/kose/200079-100-dile-tercume-olundu-bestekari-hebs-edildi-adina-muzey-acildi-cucelerimin-qeyri-adi-taleyi.html
  3. https://azertag.az/xeber/Cucelerim___Azerbaycani_meshur_aktyor_CHarli_CHapline_sevdiren_musiqi_VIDEO-1005872
  4. https://www.youtube.com/watch?v=ePSlx2AkyMc&list=PLDf3n6CWltSR3g2DyH0Jqpbfk8RsIinDy&index=61
  5. Azərbaycan Sovet Ensiklopediyası. X Cild. 1987.

Ən Çox Oxunan