Gəncə Qəza Məktəbinin əsası Rus imperiyası tərəfindən 18 fevral 1833-cü ildə qoyulub.
Qəza məktəbi 1 hazırlıq kursu və 3 sinifdən ibarət idi. Burada mədrəsələrdən fərqli olaraq, yeni üsullar tətbiq olunur, dünyəvi elmlər öyrədilir, əlifba təlimində səs üsulu əsas götürülürdü.
1836-cı ildə Gəncə Qəza Məktəbi üçün dövlət xəzinəsi hesabına xüsusi bina tikilməsi qərara alındı. Çar hökuməti məktəbin binasını şəhərin mərkəzində, Gəncəçayın sağ sahilində, əsasən, xristianların yaşadığı ərazidə inşa etmək qərarına gəldi. Məktəb 20 avqust 1840-cı ildə istifadəyə verildi. Qəza məktəbi Azərbaycanda dövlət tərəfindən tikilib istifadəyə verilən ilk maarif müəssisəsi idi.
Məktəbə daxil olanlardan heç bir bilik tələb edilmirdi. Gəncə Qəza Məktəbinin tədris planına şəriət, qiraət (müəyyən üsul və qayda ilə oxuma), hüsnxət, hesabdan ilk dörd əməliyyat, rus və Azərbaycan dilləri daxil idi. Gəncə qəzasının rəisi məktəbin fəxri nəzarətçisi kimi təsdiq edilmişdi.
Bu məktəb öz hüququna görə Rusiyadakı müvafiq təhsil müəssisələrinə bərabər idi. Gəncə Qəza Məktəbi ilk dəfə 38 şagirdlə təhsil ilinə başlamışdı. Burada azərbaycanlılar, həmçinin ruslar və digər millətlərin uşaqları da təhsil alırdı.
Gəncə Qəza Məktəbinin nəzdində kiçik kitabxana da var idi. 1845-ci ilin məlumatına görə, bu məktəbin kitabxanasında 113 nüsxə kitab saxlanılırdı.
Məktəbdə Azərbaycan dili və şəriət müəllimi yerli ruhani Molla Abdulla Molla Əliməmməd oğlu, XIX əsrin ortalarında isə Mirzə Ələkbər Nəzərov olub. Həmçinin məktəbdə 1846-1850-ci illərdə şair və maarifçi Mirzə Şəfi Vazeh çalışıb.
XIX əsrin ortalarında məktəbdə hesabdarlıq, məhkəmə qaydaları, dəftərxana işləri öyrədilirdi.
1843-cü ildə məktəbdə 95 nəfər, 1844-cü ildə isə 109 nəfər təhsil alıb. Şagirdlərin ümumi sayına görə, Gəncə Qəza Məktəbi Naxçıvan, Şuşa, Bakı, Nuxa və Şamaxı qəza məktəblərindən irəlidə idi. 1869-cu ildə bütün Zaqafqaziyada mövcud olan 13 qəza məktəbini bitirənlərin ümumi sayı 44 nəfər idi, bunun da 18 nəfəri Gəncə Qəza Məktəbinin payına düşürdü.
Gəncə quberniyasının təşkili və Gəncənin quberniya mərkəzi olması ilə əlaqədar Gəncə Qəza Məktəbi 1 iyun 1870-ci ildə Gəncə klassik progimnaziyaya çevrildi.
Mənbələr:
- Ф.М.Мамедов. Гянджа. Баку-1998
- Fərrux Əhmədov. Gəncənin tarixi yaddaşı. Bakı-1998.
- Mərdanov Misir Cumayıl oğlu. Azərbaycan təhsil tarixi: I cild. Bakı-2011.
- https://news.milli.az/society/139020.html
- http://www.geostrategiya.az/news.php?id=27
- https://azertag.az/xeber/Gencenin_Dik_kuchesine_seyahet_yaxud_Alini_Ninodan_ayiran_mekan-1116465
- https://www.youtube.com/watch?v=8YXMAhZSGRo
- https://www.youtube.com/watch?v=w39pUZl5O8w&t=1194s