Lüteran kilsəsi Göygöl şəhərində, S.Hacıyev küçəsi, 39 ünvanında yerləşir. Abidə 1818-1819-cu illərdə Gəncə qəzasının Yelenendorf koloniyasında (Göygöl) məskunlaşmış almanlar tərəfindən inşa edilib. Kilsə 1854-1857-ci illərdə tikilib. İbadətgah “Müqəddəs İoann kilsəsi” adlanırdı.
10 mart 1857-ci ildə kilsənin açılış mərasimi baş tutur. Müqəddəs İoann kilsəsinin açılışında digər koloniyalardan qonaqlar və Rusiya administrasiyasının nümayəndələri iştirak edirlər. Açılış təntənəli şəkildə qeyd olunur və onun şərəfinə atəşfəşanlıq da təşkil edilir.
Kilsə alman kolonistləri arasında xüsusi əhəmiyyət kəsb edirdi. Yelenendorf məktəbinin müəllimi F.Zimmer öz əsərində bu haqda belə yazır: “Kolonistlər kilsə ayinlərinə çox ciddi riayət edirlər. Nadir hallarda onlar ayinlərindən qaçırlar və kilsəyə getməyən hər kəsə qərəzlə baxırlar. Zəng səsi eşidilən kimi ailənin bütün üzvləri kilsəyə gedirlər”.
Məbəd neoqotika üslubunda qırmızı daşdan inşa edilib. Kilsənin bir saat qülləsi, 16 böyük, 2 balaca pəncərəsi və 2 giriş qapısı var. Binanın qapı və pəncərələri taxtadan, döşəməsi isə metlaxdır. Tikilinin saat qülləsi işlək vəziyyətdədir. Kilsənin içərisində vaxtilə xor mövcud olub.
1941-ci ildə, sovet hakimiyyəti dönəmində burada yaşayan almanlar sürgün edilir. Bu səbəbdən kilsə fəaliyyətini dayandırır. İbadətgahın bütün eksponatları, almanlardan qalan maddi dəyərlər ermənilər tərəfindən talan edilib. Ehtimal edilir ki, bu kilsənin bütün əşyaları İrəvana aparılıb.
1970-ci illərdə kilsə binasında idman məktəbi yerləşirdi. 2005-ci ildən bu binada Göygöl rayon Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir.
2008-ci ildə bina alman Texniki Əməkdaşlıq Cəmiyyətinin köməyi ilə bərpa olunub.
Mənbələr:
- Газета “Кавказ”.1882. №317.
- Тамара Гумбатова . Жизнь немцев-колонистов за Кавказом. Баку-2005.
- Elçin Əliyev. Azərbaycan memarlığında alman irsi. Bakı-2017.
- С. Зейналова. История лютеранства на территории постсоветского пространства.
- https://vzglyad.az/news/90973/%D0%90%D1%80%D0%BC%D1%8F%D0%BD%D0%B5-%D1%80%D0%B0%D0%B7%D0%B3%D1%80%D0%B0%D0%B1%D0%B8%D0%BB%D0%B8-%D0%BD%D0%B5%D0%BC%D0%B5%D1%86%D0%BA%D1%83%D1%8E-%D1%86%D0%B5%D1%80%D0%BA%D0%BE%D0%B2%D1%8C-%E2%80%93-%D0%A0%D0%95%D0%9F%D0%9E%D0%A0%D0%A2%D0%90%D0%96-%D1%87%D0%B0%D1%81%D1%82%D1%8C-iii.html
- https://irs.gov.az/location/luteran-kilsesi-1
- https://www.youtube.com/watch?v=as7L_vCL_Os