Zərifə Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvanın Şərur rayonunda, Şahtaxtı kəndində, dövrünün görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində anadan olub.
Əliyeva Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb, sonra Moskvada Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçib və aspiranturanı bitirib. Daha sonra o, Azərbaycanda elmi fəalliyətini davam etdirib.
Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək, oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətini traxoma xəstəliyinin klinikası, peşə xəstəliklərinin təsiri nəticəsində baş verən göz patologiyalarının profilaktikası, diaqnostikası və müalicəsi təşkil etmişdir. O, kimya sənayesi müəssisələrinin işçilərində görmə orqanının vəziyyətini tədqiq edərək, zərərli maddələrin təsirinin mühüm qanunauyğunluqlarını aşkar etmişdir.
Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının Akademik M.Averbax adına mükafatla təltif olunan ilk qadın alim olmuş, Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir.
Akademik Zərifə Əliyeva 15 aprel 1985-ci ildə Moskva şəhərində vəfat edib, 1994-cü ildə cənazəsi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn olunub.
Hazırda Gəncə şəhərində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin filialı fəaliyyət göstərir.