27.5 C
Gence
27.5 C
Gence

Şair Nizami Gəncəvinin obrazı necə yaradılıb?

Nizami Gəncəvinin obrazının yaradılması ilə bağlı ilk cəhdlər 1930-cu illərdə edilib. 1939-cu ildə şairin 800-illik yubileyinə hazırlıq gedirdi, lakin şairin heç bir təsviri yox idi. Bu səbəbdən müsabiqə elan edilir və Nizami Gəncəvinin portretləri çəkilir.

Ehtimal edilir ki, müsabiqədən öncə, rus arxeoloq-antropoloq Mixail Mixailoviç Gerasimova müraciət olunur. O, həmin vaxtlar kəllə sümüyü əsasında Teymurləng, Miranşah, Uluqbəy kimi tarixi şəxsiyyətlərin portretini yaratmışdı. Deyilənə görə, 1939-cu ildə şairin qəbrindən onun kəllə sümüyü götürülür, qatarla alimin ünvanına göndərilir. Ancaq sonradan çoxları belə bir hadisənin olmadığını söyləyirlər.

Şairin portretinin yaradılması üçün elan olunmuş müsabiqədə, Azərbaycanla yanaşı Gürcüstan və Türkmənistandan rəssamlar iştirak etmişdir. Ümumilikdə ilk tura 16 əsər təqdim olunmuşdu. Onlardan 10-u Azərbaycan rəssamlarının əl işi idi. Müsabiqə iştirakçıları arasında Reyhan Topçubaşova, Kamil Xanlarov, Həsən Haqverdiyev, Tağı Tağıyev, Mürsəl Nəcəfov kimi rəssamlar var idi. Lakin onların çəkdiyi portretləri münsiflər heyəti bəyənmir.

Birinci turda iştirak etməyən, Azərbaycan SSR xalq rəssamı Qəzənfər Xalıqovun karandaşla çəkdiyi rəsm Nizamişünas Yevgeni Bertelsin xoşuna gəlir. O, bu obrazın tarixi baxımdan inandırıcı olduğunu və  Nizaminin də buna oxşaya biləcəyini söyləyir. Həmçinin rəsm Həmid Araslı və filosof Heydər Hüseynov tərəfindən də bəyənilir. Xalıqovun çəkdiyi rəsmin alimlər tərəfindən bəyənildiyini görən bəstəkar Üzeyir Hacıbəyov, Ağcabədidə buna bənzər bir axund tanıdığını söyləyir və ondan natura kimi istifadə etməyi təklif edir. Onlar həmin axundu tapırlar və Qəzənfər Xalıqov şairin portretini yaradır. Nəticədə Qəzənfər Xalıqov 1940-cı ildə müsabiqənin I mükafatına layiq görülür.

 

Mənbələr:

  1. https://medeniyyet.az/page/news/38831/Nizami-Gencevinin-obrazi-nece-yaradilib.html
  2. https://www.youtube.com/watch?v=gbviATPi05w
  3. https://news.milli.az/society/541703.html

Ən Çox Oxunan