10.3 C
Gence
10.3 C
Gence

Abdulla Tağızadə: Azərbaycandakı əlifba hərəkatının fəal üzvlərindən biri

Abdulla Məmməd oğlu Tağızadə 1897-ci ildə Gəncədə anadan olub.

O, 1916-cı ildə Gəncə gimnaziyasında təhsilini başa vurub və Moskva Universitetinin hüquq fakültəsinə daxil olub. Bir il sonra Rusiyada inqilab hərəkatı səbəbindən Gəncəyə dönərək istiqlal uğrunda mübarizəyə başlayıb. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Maarif Nazirliyi yanında yaradılan əlifba komissiyasında fəaliyyət göstərib və öz təkliflərini verib.

Tağızadə 1920-ci ildə Maarif Komissarlığında texniki katib, “Qaçqınlar və əziyyət çəkənlərə kömək üçün yaradılan xüsusi komissiya”da müavin, 1921-ci ildən Xalq Torpaq Komissarlığının “Əkinçi” jurnalında məsul katib işləyib və Bakı Sovetinin üzvü olub. O, 1922-ci ildə yaradılan Yeni Əlifba Komitəsinin rəhbər heyətinə seçilib.

Tağızadə 1924-cü ildə Sankt-Peterburqa Şərq Dilləri İnstitutuna oxumağa göndərilir, həmçinin Leninqrad Dövlət Universitetinin Dil və mədəniyyət fakültəsinə daxil olur.

Tağızadə 1928-ci ildə Azərbaycan SSR Maarif Nazirliyi tərəfindən ölkəyə dəvət olunur. O, “Kultura i pismennost Vostoka” toplusunda məsul katib işləyir. Ali məktəbdə Qədim türk dilləri fənnindən, Elmi Tədqiqat İnstitutunda aspirantlara Qədim türk dillərinin yazılı abidələri və Türk dillərinin qramatikası fənlərindən mühazirələr oxuyur, eləcə də Azərbaycan türkcəsi fənnini tədris edir.

Tağızadə türk xalqlarının yaşadığı bölgələrdə keçirilən toplantılara, konfranslara da qatılır. O, həmin toplantılarda milli ruhlu fikirlər söyləyir, həmin bölgədəki gizli antisovet təşkilatlarla əlaqə yaradır. Alim Azərbaycan Elmi-Tədqiqat İnstitutunun Dil-ədəbiyyat və sənət şöbəsində elmi işçi, sonra isə Dilçilik və terminologiya şöbəsinin müdiri işləyir. Tağızadə “Türk-tatar dillərinin tarixi sərf-nəhvi”, “Qədim türk dilləri və yazılı abidələrinin öyrənilməsi üsulu və yolları”, “Dil haqqında elmin inkişaf tarixi”, “Azərbaycan dili və şivələrinin izahlı lüğəti” əsərlərini çap etdirir.

1937-ci ildə Tağızadə həbs olunur. O, səkkiz dəfə dindirilməsinə baxmayaraq, bütün ittihamları rədd edir. Abdulla Tağızadə 12 yanvar 1938-ci ildə güllələnir. İstintaq materiallarında onun evindən aparılan əsərlərin yandırıldığı qeyd olunur.

Mənbələr:

  1. https://www.strategiya.az/chap.php?id=92132
  2. https://azedu.az/az/news/1647

Ən Çox Oxunan