16.4 C
Gence
16.4 C
Gence

287 il bundan öncə imzalanan Gəncə müqaviləsi

Gəncə müqaviləsi 10 mart 1735-ci ildə Rusiya ilə Səfəvilər dövlətinin nümayəndələri arasında imzalanmış bir müqavilədir. Bu saziş Səfəvi ordusunun komandanı Nadir xan və knyaz Qolitsin tərəfindən Gəncəyə yaxın ərazidə bağlanıb.

1720-ci illərin birinci yarısında əfqanlar Səfəvi dövlətinin paytaxtı İsfahan şəhərini və ərazisinin böyük bir hissəsini, Rusiya Azərbaycanın Xəzəryanı vilayətlərini (Bakı, Lənkəran və s.) və Gilanı, Osmanlı dövləti isə Qərbi İranı, Cənubi Azərbaycanı və Cənubi Qafqazı (Xəzərsahili vilayətlər istisna olmaqla) ələ keçirmişdilər.

Səfəvi şahı II Təhmasib düşmənlərə qarşı vuruşmaq üçün türk tayfasının Qırxlı boyundan olan sərkərdə Nadir Əfşarı öz tərəfinə çəkir. II Təhmasib Nadirə xan titulu verir, ilk öncə qorçubaşı vəzifəsinə, sonra ordunun sərkərdəsi təyin edir. Nadir xan əfqanları məğlub edərək İsfahanı geri alır. 1730-cu ildə Nadir xan osmanlı qoşunlarını məğlub edir, onlarda olan bir neçə ərazini geri alır.

Nadir xanın osmanlılara qarşı uğurlu savaşı çar Rusiyasını Xəzərsahili vilayətlərin Səfəvilərə qaytarılması fikrinə gətirmişdi. Bununla bağlı 1732-ci ildə Rusiya ilə Rəşt müqaviləsi bağlandı. Lakin bütün torpaqlar qaytarılmadı. Bu səbəbdən Gəncə müqaviləsi imzalandı.

Saziş preambula, başlanğıc, 7 maddə və sonluqdan ibarət idi. Müqaviləyə görə, rus qoşunları Xəzərsahili vilayətləri tamamilə tərk edir, burada əvvəlki inzibati idarə üsulu bərpa olunurdu. Ruslar Bakını 2 həftə, Dərbəndi isə 2 ay müddətində azad etməli idilər. Bu şəhərlər üçüncü dövlətə verilməməli idi. Bundan başqa, ruslar Dağıstanın Səfəvilər hökmranlığına keçməsinə razılıq verirdi. Gəncə müqaviləsi rus tacirlərinin Səfəvi ərazisində sərbəst və gömrüksüz ticarət imtiyazlarını bir daha təsdiq etdi.

Nadir şahın 1747-ci ildə öldürülməsi və onun imperiyasının dağılmasından sonra Gəncə müqaviləsi faktik olaraq ləğv olundu.

Mənbələr: 

  1. Договоры России с Востоком. 1869.
  2. Yaqub M.Mahmudov, Kərim K.Şükürov. Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi. Dövlətlərarası müqavilələr və digər xarici siyasət aktları. 1639-1828. I cild. Bakı-2009.
  3. N.Süleymanov. Azərbaycan Səfəvilər dövləti (1501-1736-cı illər). Bakı-2018.
  4. http://www.spsl.nsc.ru/history/descr/main_h7.htm

Ən Çox Oxunan