28 may 1918-ci ildə yeni yaradılan Azərbaycan Xalq Cümhuriyyəti ordu quruculuğu sahəsində bir çox tədbirlər görməli idi.
26 iyun 1918-ci ildə AXC Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan korpusu yaradılıb. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. 1 avqust 1918-ci ildə Azərbaycanın Hərbi Nazirliyi təsis edildi və ilk müdafiə naziri vəzifəsini Xosrov bəy Sultanov icra etməyə başladı. Milli Ordu qısa müddətdə Qafqaz İslam Ordusu ilə Bakını və ətraf qəzaları bolşevik-daşnak qüvvələrinin işğalından azad edə bildi.
17 noyabr 1918-ci ildə Müttəfıq dövlətlər adından Bakıya daxil olan ingilis qoşunlarının komandanlığı Azərbaycan Xalq Cümhuriyyəti hərbi qüvvələrinin və Hərbi Nazirliyin Bakıdan çıxarılmasını tələb etdi. Bu səbəbdən nazirlik Gəncəyə köçürüldü və 1919-cu ilin ortalarına kimi orada fəaliyyət göstərdi.
27 aprel 1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv edildi və Milli Ordunun 15 generalı bolşeviklər tərəfindən güllələndi.
9 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Ordunun yaradılması haqqında qərar qəbul etdi.
Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 İyun Silahlı Qüvvələr Günü elan olundu.