25.4 C
Gence
18.5 C
Ganja

1989-cu ildə üçrəngli bayrağımızın Gəncədə ilk dəfə dalğalanması

Gəncədə Cümhuriyyətin üçrəngli bayrağı ilk dəfə 1918-ci ildə, daha sonra isə 71 il sonra – 1989-cu ilin noyabrında qaldırılıb.

Gəncədə Azərbaycanın üçrəngli bayrağını ilk dəfə Gəncə şəhər İcra Hakimiyyəti binasının üstünə sancan Milli Azadlıq Hərəkatının iştirakçıları Məmməd Əmrahov və Vüqar Musayev olmuşdur.

Bayraqdar Məmməd Əmrahovun GancaPost.info saytı ilə bu haqda bölüşdüyü xatirəsi: “… Gəncədə Meydan Hərəkatının ildönümü ilə bağlı mitinq keçirilirdi. Şəki İpək Fabrikində dostlarımızın köməkliyi ilə ipəkdən Milli bayrağımızı tikdirmişdik. Nə olur olsun, bayrağı bu gün Gəncə şəhər İcra Hakimiyyətinin üzərinə sancmağa qərar vermişdik. Həmin gün… mən və əqidədaşım rəhmətlik Vüqar Musayev İcra Hakimiyyətinin binasının üstünə çıxdıq. İlk öncə Azərbaycan Sovet bayrağını çıxartdıq, sonra İcra Hakimiyyətinin üzərindəki sovet gerbini və kommunist şüarlarını qırıb dağıdaraq yerə atdıq. Və nəhayət, Milli bayrağımızı binanın üstündəki dirəyə sancdıq. …çox qürur hissi keçirirəm ki, bu tarixi hadisəni həyata keçirmək məhz mənə qismət oldu”. 

Ehtiyatda olan polis polkovniki Yusif Məmmədovun Ens.az saytında həmin günlərlə bağlı bölüşdükləri: “Ölkələrin, dövlətlərin bayrağı onların onurğa sütunudur. Siz bilirsiniz ki, Gəncə həmişə rus imperializminə qarşı müqavimət göstərib. Sovet hökumətinə qarşı 1988-ci ildən başlayan xalq hərəkatında gəncəlilər öndə gedirdilər. Tanklar o illərdə şəhərdə şütüyəndə elə oğullarımız var idi ki, gedə-gedə tankın tırtılını açırdılar və tanklar yerində fırlanırdı… Bəli, bayrağımız bayraqdarlarımızın sayəsində məhz 1989-cu ildə ilk dəfə Gəncədə dalğalandı…”.

 

Mənbələr: 

  1. https://www.ens.az/az/gencedeki-bayraq-olayi-xaqin-iradesinden-dogmusdu-cingiz-memmedov
  2. https://demokratik.az/xeberler/medeniyyet/24628-gencedeki-bayraq-olayi-xaqin-iradesinden-dogmushdu-cingiz-memmedov.html
  3. https://gancapost.info/az/article/366/cu-ild-ucr-ngli-bayragimiz-g-nc-d-icra-hakimiyy-tinin-uz-rind-nec-dalgalandi/