20.3 C
Gence
15.5 C
Ganja

1905-1906-cı illərdə Gəncədə erməni-müsəlman davası

1905-1906-cı illərdə Cənubi Qafqazda erməni və müsəlmanlar arasında döyüşlər Gəncədə də olub.

Bu illərdə Gəncədə müsəlmanlar, əsasən, Gəncəçayın sol sahilində yerləşən məhəllələrdə yaşayırdı. Şəhərin digər hissəsində ermənilər yaşasa da, burada müsəlmanların yaşadığı Mollacəmilli, Çaylı və Hacıməlikli məhəllələri var idi.

15 noyabr 1905-ci ildə ermənilər müsəlmanlarla davanı başlamaq üçün üç müsəlmanı öldürdülər. Üç gün sürən qırğında ermənilər Mollacəmilli, Çaylı və Hacıməlikli məhəllələrinə hücum edirlər. Onlar bu məhəllələrin sakinlərini qırıb, evlərini qarət edib, od vurub yandırırdılar. Sağ qalan qadınlar, qocalar və uşaqlar müsəlmanlar yaşayan məhəllələrə gedir, kişilər isə ermənilərə qarşı vuruşurdular. Həmin vaxt ruslar bu cinayətlərin qarşısını almırdılar.

Belə qırğınlar fasilələrlə Gəncədə və şəhərə yaxın kəndlərdə davam edir. Bu səbəbdən, ayrı-ayrı şəxslər müdafiə olunmaq məqsədi ilə silahlı dəstələr yaradırlar. Onların arasında Tat oğlu Qara adlı şəxs də olub. O, bir dava günü ermənilərə qarşı vuruşur və onları irəliləməyə qoymur. Bunu görən ermənilər, yaxınlıqdakı rus əsgərlərinin kazarmasına gedirlər. Onların təhriki ilə rus əsgərləri atəş açıb, Tat oğlu Qaranı öldürürlər.

1906-cı ildə də bu soyqırım aktları davam edib. Lakin çar Rusiyası heç bir tədbir görməyib və müsəlmanların qırılmağına göz yumub. Bu səbəbdən erməni terroruna son qoymaq üçün Gəncədə “Difai” partiyası yaradılıb. “Difai” partiyası bu qırğınların qarşısını almaqda böyük rol oynayıb.

“Difai” partiyasının üzvlərinin rəhbərliyi ilə əli silah tuta bilən sakinlər, Dəli Alının silahlı dəstəsi, gəncəli ictimai-siyasi xadim Ələkbər bəy Rəfibəylinin rəhbərliyi altında əhalini müdafiə edir. Onlar hücuma keçən erməniləri geri çəkilməyə məcbur edir, Gəncədə və ətraf ərazilərdə qırğınların qarşısını alırlar.

Yalnız bundan sonra rus hökumətinin Qafqazda olan vəzifəli məmurları erməni və müsəlmanları barışdırmaq haqqında düşünür və fəaliyyətə keçirlər. “Gəncə şəhərinin tarixi” kitabında bu haqda belə yazılıb: “Barışıq əldə olunana qədər ermənilər təlaşa və çaxnaşmaya düşürlər. Əslində yüksək vəzifəli məmurları sıxışdırılan ermənilərin vəziyyəti maraqlandırırdı”.

Mənbələr:

  1. Gəncə şəhərinin tarixi. Bakı-2004.
  2. http://www.anl.az/el/q/qarabag_6/q-42.htm