22 iyun 1918-ci ildə Fətəli Xan Xoyskinin imzaladığı qərarla Poylu stansiyasında (Ağstafa) sərhəd postunun yaradılması barədə tapşırıq verilmişdir. Həmin il iyulun 12-də Gəncə quberniyasının Qazax qəzasında Salahlı və Şıxlı sərhəd postları təşkil edilmişdir.
Daha sonra 18 avqust 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanun qəbul etdi. Beləliklə, Azərbaycanın sərhədləri boyu ümumi sayı 992 mühafizəçidən ibarət 99 post yaradıldı və Azərbaycan sərhədlərinin mühafizəsi təşkil olundu.
Sovet dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin tərkibində fəaliyyət göstərib. 1991-ci ildə Dövlət Sərhədini Mühafizə Komitəsi yaradıldı. 1992-ci ildə komitə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin tərkibində MTN-in Sərhəd Qoşunları İdarəsi kimi fəaliyyət göstərib.
31 iyul 2002-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı Sərəncamla sərhəd qoşunları müstəqil qurum – Dövlət Sərhəd Xidməti kimi fəaliyyə başladı.
Ümummilli lider Heydər Əliyevin 16 avqust 2000-ci il tarixli Sərəncamı ilə 18 avqust Sərhəd Qoşunlarının əməkdaşlarının peşə bayramı günü kimi təsis edilmişdir.
Mənbələr:
- Azərbaycan Milli ensiklopediyası. Bakı-2007.
- Azərbaycan.- 2010.- 18 avqust.- S. 4.
- https://www.goal.az/project/news/45142
- https://azertag.az/xeber/Dovlet_Serhed_Xidmetinin_emekdaslari_pese_bayramlarini_qeyd_edirler-183715
- https://sia.az/az/news/social/694962.html