16 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Tiflisdən Yelizavetpola (Gəncəyə) köçürülür. Bir müddət hökumət şəhərin tarixi adını bərpa edə bilmir.
Bunun bir neçə səbəbi var idi: AXC ilk bir ay müddətində demokratik idarəçiliyə sahib olan hökumət orqanları yaratmağa çalışırdı. Onlar 1910-cu illərdə dünyada qərarlaşmış dövlətçilik və idarəçilik qaydalarından kənara çıxmağa çalışırdı. Həmçinin AXC bütün qərarları müzakirələrin nəticəsi kimi qəbul etməyi dövlətçilik normasına çevirmişdi. Gəncə adının tez bir zamanda bərpa edilməməsi də respublikada dövlətçilik strukturundan irəli gəlirdi.
30 iyul 1918-ci ildə, 114 ildən sonra Gəncənin Yelizavetpol adlandırılması məsələsi hökumət iclasının müzakirəsinə çıxarıldı. Həmin vaxt AXC-nin Daxili İşlər naziri Behbud xan Cavanşir Gəncənin Yelizavetpol adlandırılmasını tarixi haqsızlıq adlandırır və bildirir ki, bu hal düzəldilməli, yasaq olduğu halda, əhalinin daim yad etdiyi Gəncə adı qaytarılmalıdır. Bu təklif Nazirlər kabinetində müzakirə edilmədən, alqışlarla qarşılandı.
Beləliklə, həmin gün Nazirlər Şurası “Çar Rusiyasının istilası zamanı Yelizavetpol adlandırılmış Gəncə şəhərinin tarixi adının bərpa edilməsi haqqında” qərar qəbul edir.
Gəncə adının bərpa edilməsi şəhər sakinləri tərəfindən sevinclə qarşılandı. Həmin vaxt gəncəlilər xeyli sayda qurban kəsib, sevincdən ağlayırdı.
1804-cü ildə Gəncə Çar hökuməti tərəfindən işğal olunub. Şəhərin adını tarixdən silmək üçün Gəncəyə çar I Aleksandrın həyat yoldaşı Yelizavetanın adı verilmişdi. Hətta Gəncə sözünü istifadə edən hər kəs pulla cərimə ödəməli idi. Lakin gəncəlilər bu sözü işlətmək qadağan olduğu vaxtda bir neçə dəfə “Gəncə” qışqırıb, cəriməni artıq verərək ürəklərini boşaldardılar.
Mənbələr:
- Həsənbala Sadıqov. Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı və mübariz qərargahı Gəncə. Gəncə-2018.
- Həsənbala Sadıqov. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə qəbul etdiyi hüquqi aktlar və onun tarixinin izahlı xronologiyası (1918-1920). Gəncə-2018.
- 525-ci qəzet.- 2010.- 22 may.- S.14-15.