21.4 C
Gence
20.5 C
Ganja

100 il nəşr edilən “Novosti Gandji” qəzetinin yaranma tarixi

“Novosti Gandji” qəzeti 1922-ci ildə Gəncədə yaradılıb. Bu, yeganə qəzetdir ki, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında paytaxtdan kənarda rus dilində dərc olunur.

Qəzet ilk yarananda “İzvestiya” adlanırdı. Onun ilk redaktorunun adı şəhər arxivlərində qalmadığı üçün məlum deyil. Qəzet həftədə üç dəfə buraxılırdı və bir nömrəsinin qiyməti 10 min rubl təşkil edirdi.

İlk nömrəsi çıxandan bir neçə ay sonra qəzet “Yeni Gəncə” adlandırılmağa başladı. Qəzetin adının dəyişdirilməsindən sonra qiyməti 15 min rubl oldu. Oxucu qəzetə bir il abunə olmaq istəsə idi, 1 milyon 500 min rubl ödəməli idi. Həmin vaxt qəzet artıq həftədə iki dəfə Azərbaycan və rus dillərində çap edilirdi.

1935-ci ildə Gəncə şəhərinin adı Kirovabad adlandırılır və bu səbəbdən qəzet “Kirovabadskiy raboçiy” kimi nəşr olunmağa başlayır. 1 yanvar 1935-ci ildə həmin qəzet “Gandjinskiy kommunist” adı ilə dərc olunur.  “Gandjinskiy kommunist” üç şəhər qəzetini birləşdirərək, Azərbaycan və rus dillərində çap olunurdu.

27 mart 1953-cü ildə “Kirovabadskiy raboçiy” qəzetinin nəşri bərpa olundu.

1990-cı ildə Gəncənin tarixi adının bərpası ilə qəzet “Vestnik Gandji”, sonra isə “Novosti Gandji” adlandırıldı.

1990-cı ilin 20 Yanvar faciəsindən sonra heç bir qəzet nəşr olunmur, radio və televiziya susurdu. Qəzetin redaksiyası təhlükəyə baxmayaraq, Şeyxülislam Allahşükür Paşazadənin SSRİ-nin baş katibi M.Qorbaçova ünvanladığı 20 Yanvar faciəsinə dair məktubunu qəzetdə nəşr edir. “Novosti Ganji” qəzetinin köməyi ilə minlərlə oxucu respublika televiziyasının partladılması və Bakıda komendant saatı haqqında həqiqətləri öyrənə bilir. Həmin vaxtlar vəsaitin olmamasına, kağızın bahalaşmasına, mətbəə xərclərinin çox olmasına və nəşr üçün lazım olan materialların çətin tapılmasına baxmayaraq, qəzetin redaksiyası fəaliyyətini dayandırmadı.

Hal-hazırda “Novosti Gandji” qəzetinin redaksiyası fəaliyyətini davam etdirir.

Mənbələr:

  1. Газеты СССР 1917-1960. Том 3. 1978
  2. http://www.novostigyandji.com/
  3. https://www.yenigence.com/izvestiya-q%c9%99zetind%c9%99n-novosti-gandji-q%c9%99zetin%c9%99-ged%c9%99n-100-illik-yol/