19.7 C
Gence
19.7 C
Gence

100-dən çox tikinti layihəsinin müəllifi Nizami Nağıyev

Nizami Həsən oğlu Nağıyev 6 may 1943-cü ildə Gəncə şəhərində anadan olub.

Nağıyev 1950-1960-cı illərdə Bakıdakı 160 nömrəli məktəbdə təhsil alıb, 1967-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində İnşaat Mühəndisləri İnstitutunun Şəhərsalma fakültəsinin memarlıq bölməsini bitirib. Nağıyev 1969-1972-ci illərdə Rusiyanın Moskva şəhəri şəhərsalma sahəsində Elmi-Tədqiqat institutunun aspirantı olaraq memarlıq namizədi elmi dərəcəsini alıb. O, eyni zamanda memarlıq sahəsi üzrə fəlsəfə doktorudur.

Nağıyev 1969-cu ildə Azərbaycan Memarlar İttifaqının, 1970-ci ildə Memarlar İttifaqı Rəyasət Heyətinin, 1985-ci ildə isə SSRİ Memarlar İttifaqının Rəyasət Heyətinin üzvü seçilib. O, 1975-1990-cı illərdə Azərbaycan Memarlar İttifaqının katibi vəzifəsində çalışıb.

Nağıyev 1975-1996-cı illərdə “Azərdövlətlayihə” İnstitutunun Memarlıq emalatxanasının rəhbəri, Dövlət Tikinti Komitəsinin mənzil tikintisi idarəsinin rəisi, “Sentrosoyuzproyekt” Layihə İnstitutunun Bakı filialının baş mühəndisi, həmin institutun rəisi, Dövlət Tikinti Komitəsinin sədr müavini, sədrin birinci müavini, sədr əvəzi vəzifələrini icra edib.

Nağıyev 1995-ci ildən AzMİU-da dərs deyib, 1997-ci ildə oranın Memarlıq fakültəsinin dekanı təyin olunub, 2001-ci ildən isə Memarlığın əsasları kafedrasının müdiri vəzifəsini tutub.

O, 1983-cü və 1985-ci illərdə SSRİ Memarlar İttifaqının “İlin ən yaxşı layihəsi” müsabiqələrində və sərgilərində qızıl medal və diplomlara layiq görülmüşdür. Nağıyevə 1990-cı ildə “Əməkdar memar” fəxri adı verilmişdir. Memara 1997-ci ildə Beynəlxalq Ekoakademiyanın professor-doktoru adı verilmişdir. Nağıyev 1992-ci ildə Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, 1994-cü ildən həmin akademiyanın vitse-prezidenti seçilmişdir.

Nağıyev Azərbaycanın bir çox şəhərlərinin və yaşayış qəsəbələrinin baş planlarının, 100-dən çox tikinti layihəsinin müəllifidir. O, 4 dərs vəsaiti, 2 monoqrafiya və 40-a yaxın elmi məqalə dərc etdirib. 2011-ci ildə professorun “Azərbaycanın müasir şəhərsalması” adlı böyük monoqrafiyası nəşr edilmişdir.

 

Mənbələr:

  1. İbrahimov B.M., Allahverdiyev Z.M. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası: ATKE: I cild. Bakı-2012.
  2. https://azmiu.edu.az/upload/ckeditor/1579556502.pdf
  3. https://iqtisadiyyat.com/az/pages/6/news/977

Ən Çox Oxunan