Gəncədə universitet əməkdaşları üçün təlim keçirilib. Bu haqda 8 aprel tarixində UTECA-ya istinadən məlumat veririk.
“Elm, Təhsil, Sənaye üçbucağı: Mövcud problemlər və onların həlli yolları” mövzusunda təlim Azərbaycan Texnologiya Universitetində baş tutub. Təlimçi qismində Türkiyənin Dokuz Eylül Universiteti, İtaliyanın Berqamo Universiteti, Estoniyanın Diplomatiya Məktəbi və digər Avropa ölkələrində təhsilini başa vuraraq elmi dərəcə almış, hazırda İsveç Müdafiə Universitetində və Cenevrə Ali İnstitutunda akademik karyerasını davam etdirən Dr. Eşqin Tanrıverdi çıxış edib.
Seminar universitetin inzibati rəhbər heyəti üçün təşkil olunub. Burada elmin yeni texnologiyaların inkişafına verdiyi töhfələrdən, elmi-tədqiqat istiqamətləri və metodlarından, problemlərin həlli yollarının axtarışından, ali təhsil sisteminin akademik dərəcədə rolundan danışılıb.
Seminarın sonunda mövcud problemlər, xüsusilə təhsil və əmək bazarı arasında olan natarazlığın aradan qaldırılması yollarının təhlili aparılıb, müdavimlərin sualları cavablandırılıb.