Gəncədə müharibə iştirakçılarına təlim keçirilib. Bu haqda 5 may tarixində Azərtac-a istinadən məlumat veririk.
Dəstək xarakterli təlimlər Gəncə Dövlət Universitetində (GDU) “Psixoyardım” layihəsi çərçivəsində baş tutub. Təlimləri “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyi təşkil edib. Burada universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva Vətən müharibəsi iştirakçıları üçün yaradılan imkanlardan və “Psixoyardım” layihəsinin əhəmiyyətindən danışıb.
“Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin sədri Kamil Həmidov təşkilatın fəaliyyəti, eləcə də layihənin vəzifələrindən ətraflı bəhs edib. Bildirilib ki, layihənin məqsədi müharibə iştirakçılarına psixoloji yardım göstərməklə onların normal həyata adaptasiyasına nail olmaqdır.
Birinci təlimdə qazilərlə daha çox təmasda olan dövlət qurumlarının əməkdaşlarına ilkin psixoloji yardım vermə bacarıqları barədə ətraflı bəhs edilib. İkinci məşğələdə isə müharibədə iştirak etmiş insanlara psixoloji dəstək məqsədilə söhbətlər aparılıb.