Gəncədə insanın immun çatışmazlığı virusu ilə bağlı maarifləndirmə tədbirləri baş tutub. Bu haqda 22 dekabr tarixində Respublika QİSC-lə Mübarizə Mərkəzinə istinadən məlumat veririk.
Gəncə Regional Laboratoriyasının əməkdaşları Abbas Səhhət adına 1 nömrəli Klinik Xəstəxanada, Azərbaycan Texnologiya Universitetində, Gəncə Tibb Kollecində, digər səhiyyə və sağlamlıq mərkəzlərində İİV-ə qarşı müayinə və maarifləndirmə tədbirləri keçiriblər.
Burada işçi və tələbələrə həkimlər tərəfindən İİV/QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlıq Sindromu) bağlı mühazirələr oxunub, xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə ətraflı məlumat verilib. Vətəndaşlara ödənişsiz və anonim qaydada İİV-ə ekspress testdən keçmək imkanı yaradılıb.
Eyni zamanda tədbir təşkil olunan müəssisələrdə quraşdırılan informasiya guşəsində yüzlərlə vətəndaş həkimlərin təcrübəsindən yararlanıb. Onlara İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib.