Gəncədə gənclər üçün proqramın təqdimatı keçirilib. Bu haqda 5 aprel tarixində ADAU-ya istinadən məlumat veririk.
“StartupFest Gəncə” Proqramının təqdimatı və açılış mərasimi Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Yerli texnoloji startapların inkişafının təşviqi” layihəsi çərçivəsində baş tutub. Layihənin iştirakçıları Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetidir.
Asiya İnkişaf Bankının Layihə İdarəetmə qrupunun rəhbəri Raza Farrux layihənin bütün tərəfdaşlarına təşəkkürünü bildirib və bu layihənin əsas məqsədinin Azərbaycanda fəaliyyət göstərən texnoloji startaplara dəstək vermək olduğunu söyləyib. Tədbirdə bildirilib ki, təlimə 71 komanda müraciət edib və münsiflərin qiymətləndirməsi nəticəsində onların 15-i növbəti mərhələyə keçib.
Açılış mərasiminin ardından təlimlərə start verilib. Məşğələlər bir ay müddətində davam edəcək və sonda I yerə çıxacaq komandaya Türkiyədəki inkubasiya mərkəzinə təcrübə səfəri, II yerə təlim kuponu (5000 AZN dəyərində), III yerə isə komandanın hər üzvü üçün Udemy-yə illik abunəlik hədiyyə olunacaq.