Gəncədə media subyektlərinin nümayəndələri ilə görüş keçirilib. Bu haqda 17 noyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Medianın İnkişafı Agentliyinin “Regional Medianın İnkişafı” layihəsi çərçivəsində müzakirələrin aparılması məqsədilə bölgədə fəaliyyət göstərən media subyektlərinin nümayəndələri və jurnalistlərlə görüş baş tutub. Tədbir Heydər Əliyev Mərkəzində təşkil olunub. Burada icra başçısının müavini Adil Tağıyev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurası Ahıllar Məclisinin sədr müavini Əminə Yusifqızı, Audiovizual Şuranın üzvü Mübariz Əsgərov və bölgədə fəaliyyət göstərən media subyektlərinin nümayəndələri iştirak ediblər.
Natiqlər region mediasının müasir standartlara uyğun infrastrukturunun formalaşmasının, əhalinin informasiya əlçatanlığının təmin edilməsi və ictimai-siyasi, mədəni-tarixi cəhətdən maarifləndirilməsinin, eləcə də bu sahədə uzunmüddətli davamlı inkişafın təşviqinin vacibliyini vurğulayıblar.
Daha sonra müxtəlif istiqamətlər üzrə müzakirələr aparılıb.
Həmçinin layihə çərçivəsində agentliyin nümayəndəsi Pərvanə İbrahimova və Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərova 60-a yaxın region gəncinin iştirakı ilə “Media savadlılığı” mövzusunda təlim keçiblər.