22.5 C
Gence
22.5 C
Gence

Regional Hematologiya Simpoziumu baş tutub

Gəncədə simpozium təşkil olunub. Bu haqda 15 may tarixində Milli Hematologiya və Transfuziologiya Mərkəzinə istinadən məlumat veririk.

Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Regional Hematologiya Simpoziumu Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin dəstəyi, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Tədbirin açılışında Səhiyyə Nazirliyinin Tibb xidmətləri şöbəsinin məsləhətçisi Aidə Məmmədova, İTS Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, TƏBİB-in İxtisaslı tibbi yardım departamentinin Xüsusi profilli tibbi xidmətlərin təşkili şöbəsinin müdiri Vüsal Yusifov, MHTM-in icraçı direktoru Valeh Hüseynov, Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov və Pasiyent Təşkilatları sədrləri Heydər Əliyevin Azərbaycan səhiyyəsi, o cümlədən tibb elmi və tibb təhsili strukturlarının dinamik inkişafı və gələcək yüksəlişindəki əvəzsiz rolundan və regionlarda tibbi simpoziumların keçirilməsinin əhəmiyyətindən danışıblar.

Simpoziumun məqsədi ölkəmizin bir sıra regionlarında hematologiya sahəsinin inkişafına təkan vermək və müasir protokolların vacib məqamlarını çatdırmaqdır. Görüş çərçivəsində Gəncədə və ətraf regionlarda hematoloji xəstələrlə çalışan həkim və orta tibb işçilərinə nəzəri təlimlərin verilməsi və praktik bilik və bacarıqlarının artırılması məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə ezamların təşkil olunması məsələləri müzakirə olunub və bu istiqamətdə addımların atılması planlaşdırılıb.

Tədbirdə Gəncə və ətraf regionlardan 200-dən çox həkim və tibb bacılarının iştirakı qeydə alınıb.

Simpozium çərçivəsində daha sonra hematologiyanin aktual məsələlərini əhatə edən müxtəlif məruzələr dinlənilib və müzakirələr aparılıb.

Ən Çox Oxunan