16.4 C
Gence
16.4 C
Gence

Quba, Lənkəran və Samuxdan 100 şagird şəhərimizə iki günlük səfər edib

Respublikanın 3 rayonundan olan məktəblilər Azərbaycan Dövlət Aqrar Universitetinə səfər ediblər. Bu haqda 4 noyabr tarixində təhsil müəssisəsinə istinadən məlumat veririk.

Quba rayonunun Alpan, Lənkəran rayonunun Xanbulan və Samux rayonunun Çobanabdallı kənd orta məktəblərinin hər birindən 30-35 şagird (cəmi 100 şagird) və nəzarətçi heyəti ADAU-nu ziyarət edib. İki günlük səfərin əsas məqsədi hələ ixtisas seçimi etməmiş 8 və 9-cu sinif şagirdlərini ali təhsil müəssisəsində yaradılan şəraitlə, müxtəlif fakültələr və kafedralarla tanış etmək, universitetin ikili beynəlxalq diplomlu təhsil proqramları barədə onlara məlumatlar vermək, rəhbərlik və pedaqoji heyətlə görüşlər keçirmək, onların gələcək ixtisas seçimində aqrar sahəyə marağını artırmaqdır.

Məktəblilərə universitetin fəaliyyət istiqamətləri, fakültələr, ixtisaslar barədə məlumatlar verilib. Onlar burada yaradılmış şəraitlə tanış olub, pedaqoji heyətlə maraqlı diskussiyalar keçiriblər. Şagirdləri maraqlandıran müxtəlif suallar rəhbərlik və müəllimlər tərəfindən cavablandırılıb.

Qeyd edək ki, sözügedən məktəblərdə “Məsləhət Xidmətlərinin Gücləndirilməsi Layihəsi” çərçivəsində yeni sinif otaqları yaradılıb, içərisində kənd təsərrüfatı istiqamətli dekorasiyalar aparılıb. Otaqlarda aqrar sahəyə dair bağlar, istixanalar, məhsullar və digər texniki avadanlıqları əks etdirən rəsmlər asılıb. Siniflər Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən taxıl, pambıq və digər bitkilər üzrə eksponatlar, aqrar sahəyə aid müxtəlif tədris materialları, bukletlər, video materiallar və bir sıra texniki avadanlıqlarla da təchiz edilib.

Ən Çox Oxunan