Gəncədə daha bir park baxımsız haldadır. Bu haqda Gencexeber.az-a 9 may tarixində məlumat daxil olub.
Söhbət şəhərin Əttarlar küçəsindəki istirahət guşəsindən gedir. Gəncə Dövlət Filarmoniyasının yaxınlığında, Gəncəçayın sahilində yerləşən adsız park illərdir baxımsız qalıb. İstirahət guşəsində asfalt örtüyü, kiçiktutumlu zibil qutuları, əhalinin dincəlməsi üçün skamyalar yoxdur.
“Burada bir vaxtlar narkomanlar yığışırdılar. Öz hesabımıza parkın bir hissəsində işıqlandırma sistemini bərpa etdik, problem aradan qalxdı. Ərazidəki ağacları özümüz sulayırıq. Şlanq çatdığı qədər bitkiləri suvarıram. Lakin bir hissə susuz qalaraq quruyur. Bura illərdir gəlib baxan, səliqəyə salan, qulluq edən yoxdur. Parkı zibilləyirlər. Məişət tullantıları üçün qutular qoyulmayıb. İstirahət üçün şərait yoxdur. Parkın səliqəyə salınmasını arzu edirik. Biz də asudə vaxtımızı burada təmiz havada keçirərdik”, – deyə sakinlər bildirirlər.