Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə tədbir keçirilib. Bu haqda 15 aprel tarixində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.
Məqsədi sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərin inkişafını və inteqrasiyasını təmin etmək olan Fərəh Sosial İctimai Birliyinin II ildönümü münasibətilə “Fərəhli 2 il” adlı tədbir təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir qonaqların çıxışları ilə davam edib. Tədbirdə vətənpərvərlik mövzusunda musiqili dəqiqə təşkil edilib.
Tədbirin sonunda uşaqlara Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsininin və Gəncə Gənclər Evinin birgə əməkdaşlığı ilə keçirilmiş təlimlərin nəticəsi olaraq sertifikatlar təqdim edilib və hədiyyələr verilib. Sonda xatirə şəkli çəkilib.