Gəncə şəhər icra başçısı Niyazi Bayramov şəhərdə aparılan quruculuq və əsaslı təmir işlərinin gedişatı ilə tanış olub. Bu haqda 6 aprel tarixində Gəncə ŞİH-yə istinadən xəbər veririk.
Şəhər rəhbəri Heydər Əliyev Meydanındakı fəvvarələrdə aparılan əsaslı təmir işlərinə baxış keçirib. Daha sonra o, F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasının qarşısında olub. Filarmoniyanın ətrafında geniş abadlıq işləri görülüb, əraziyə dekorativ güllər əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Abadlıq-quruculuq işləri çərçivəsində şəhər ərazisində olan və müasir tələblərə cavab verməyən fəvvarələrdə əsaslı təmir işləri davam edir. Belə ki, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olan 6 böyük fəvvarə yenilənir.
Bununla yanaşı, Niyazi Bayramov “Abad Məhəllə”lər layihəsi çərçivəsində şəhərin müxtəlif ərazilərində aparılan işlərə də baxış keçirib və binaların həyətlərində yaradılan şəraitlə tanış olub.
Aparılan abadlıq və təmir işlərinin gedişatı ilə tanış olan Niyazi Bayramov görülən işlərə dair öz tapşırıq və tövsiyələrini verib. Eyni zamanda icra başçısı şəhər sakinləri ilə görüşərək onların rəy və təkliflərini dinləyib, aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.