Gəncədə icra başçısı partlayıcı maddələr zavodunda olub. Bu haqda 14 aprel tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Bir müddət öncə şəhərdə sənaye əhəmiyyətli partlayıcı maddələr zavodunun inşası barədə məlumat vermişdik. Zavod “AzerGold” QSC-nin törəmə cəmiyyəti kimi “AzerBlast” MMC adı altında fəaliyyət göstərəcək. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Aparatın məsul əməkdaşları ilə birlikdə burada görülən işlərlə tanış olub.
“AzerBlast” MMC-nin icraçı direktoru Rizvan Baxşıyev Niyazi Bayramova layihə barədə ətraflı məlumat verib. O bildirib ki, illik istehsal gücü 31.000 ton həcmində planlaşdırılan zavodda xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri – H-ANFO, ANFO-nun istehsalı həyata keçiriləcək. Müasir istehsalat texnologiyaları əsasında qurulacaq müəssisənin inşasının bu ilin sonunadək tamamlanması planlaşdırılır. Müəssisədə ilkin mərhələdə 30 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur. Növbəti mərhələdə bu sayın 60-a çatdırılması hədəflənir.
Qeyd edək ki, sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı ölkəmizdə ilk dəfə təşkil edilir. Müəssisənin yaradılmasında əsas məqsəd mədənlərdə həyata keçirilən hasilat prosesi və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə tələbatın ödənilməsi, dağ-mədən, həmçinin tikinti müəssisələrinin fasiləsiz tədarük zəncirinin təmin edilməsi ilə idxaldan asılılığın aradan qaldırılması, eyni zamanda regionda yeni iş yerlərinin açılmasıdır.