Gəncədə mərhum məşqçinin məzarı ziyarət olunub. Bu haqda 15 noyabr tarixində futbol klubuna istinadən xəbər veririk.
Bu gün Konstantin Abramenkonun anadan olmasından 100 il ötür. Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman işçisi 82 yaşınadək yaratdığı “Lokomotiv” meydançasında gənc futbolçular yetişdirib, uşaq futbolunun inkişafında müstəsna xidmət göstərib.
Konstantin Abramenkonun yubileyi ilə bağlı “Kəpəz” klubunun futbol akademiyasının rəhbərliyi, məşqçiləri, oyunçuları, əvəzedici komandaların məşqçi və futbolçu heyəti onun məzarını ziyarət edib, önünə qərənfillər düzüblər.
Yetirmələri “Kostya dayı” ilə bağlı xatirələrini bölüşüblər. Onun qoyduğu ənənələrin akademiyada indiyə qədər davam etdiyini qeyd ediblər.