Gəncədə “Maliyyə resurslarına çıxış”, “Dövlət satınalmalarının əsasları” mövzularında maarifləndirici təlimlər keçirilib. Bu haqda 18 may tarixində Gəncə KOBİM-ə istinadən xəbər veririk.
Təşkil olunan 2 təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən maliyyənin önəmi, gəlir və xərclərin idarə edilməsi, imkanlar və güzəştlər, təşkilat, strategiya və innovasiya məsələlərinin reallaşması zamanı yaranan maliyyə münasibətləri, dövlət satınalmalarının metodları və onların tətbiqi şərtləri, tenderə dair əsas şərtlərin və sənədlər toplusunun hazırlanması və müqavilələrin idarə olunması haqqında məlumat verilib. Eyni zamanda 10 nəfər iştirakçının olduğu təlimdə istehsal, ticarət, xidmət, ictimai əhəmiyyətli və maliyyə uçotunun necə istifadə edilməsi qaydaları, mövcud maliyyə resursları və onlara çıxış, dövlət satınalmaları sahəsində mövcud qanunvericiliyin və ona edilmiş dəyişikliklərin izahı, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakının təmin edilməsi, elektron satınalmaların təşkili, şəffaflığın təmini, satınalma prosedurlarına riayət olunması və səmərəliliyin artırılması barədə ətraflı məlumat verilib.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.