Gəncədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri ilə (KOBİA) görüş keçirilib. Bu haqda 16 may tarixində Azərbaycan Texnologiya Universitetinə istinadən məlumat veririk.
UTECA-da baş tutan görüşdə icra başçısının müavinləri Səməd Tomuyev və Adil Tağıyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, UTECA-nın rektoru professor Akif Süleymanov, aparat rəhbəri Bəylər Mirzəzadə və rektorun müşaviri Aqil Eyvazov iştirak ediblər.
Burada Akif Süleymanov universitetin gələcək planlarından danışıb. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “TEKNOFEST” Azərbaycan festivalında çıxış edəcək UTECA-nın startap komandaları və layihələri ilə tanış olub. Müzakirələr zamanı KOBİA, UTECA və GİA-nın birgə təşkilatçılığı ilə Gəncə-Daşkəsən iqtisadi rayonunda sənayenin innovativ texnologiyalar əsasında inkişafı üzrə İşçi Qrupun yaradılmasına dair razılıq əldə edilib. Sənayenin innovativ texnologiyalar əsasında inkişafı proqramı və İnvestisiya Xəritəsinin yaradılması nəzərdə tutulub.
