Bu gün şəhidlər İdris Rüstəmov və Ceyhun Mustafayevin doğum günüdür.
İdris Bayram oğlu Rüstəmov 25 aprel 1961-ci ildə Gəncədə anadan olub. Orta təhsilini 37 saylı orta məktəbdə alıb. 1979-1981-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Qayıtdıqdan sonra bir müddət Cihazqayırma zavodunda çilingər kimi çalışıb.
1992-ci ilin mart ayında könüllü olaraq döyüş bölgəsinə yollanıb. 826 saylı hərbi hissənin tərkibində Ağdamda vuruşub. Növbəti dəfə ermənilər çoxlu sayda canlı və texnika ilə hücuma keçəndə İdris 18 nəfərlə mühasirəyə düşüb. İdris Bayram oğlu Rüstəmov mühasirə şəraitində döyüş dostlarını xilas edərkən 28 iyun 1992-ci ildə həlak olub.
Ceyhun Şahmalı oğlu Mustafayev 25 aprel 1968-ci ildə Gəncədə anadan olub. 20 saylı Dəmiryol orta məktəbini bitirib. Texnologiya İnstitutunda qiyabi təhsil alarkən hərbi xidmətə çağırılıb. Qayıtdıqdan sonra qiyabi təhsil ala-ala Cihazqayırma zavodunda işləyib.
15 mart 1993-cü ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınıb. 703 saylı hərbi hissədə xidmət edib. Ceyhun Şahmalı oğlu Mustafayev 3 yanvar 1994-cü ildə yaralıları xilas edərkən düşmən snayperi tərəfindən qətlə yetirilib.