Bu gün şəhid Taqi Əsgərov və Ələsgər Namazovun doğum günüdür.
Taqi Nizami oğlu Əsgərov 9 aprel 2001-ci ildə Gəncədə anadan olub. 2007-2016-ci illərdə 6 nömrəli tam orta məktəbdə oxuyub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb.
Vətən müharibəsi zamanı o, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə topçu kimi iştirak edib. Taqi Nizami oğlu Əsgərov 9 noyabr 2020-ci ildə Xankəndi şəhəri istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Dörd gün sonra isə Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Ələsgər Əlyar oğlu Namazov 9 aprel 1954-cü ildə Gəncədə anadan olub. 40 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra texniki-peşə məktəbində təhsil alıb. 1972-1974-cü illərdə Qazaxıstanın Şevçenko şəhərində həqiqi hərbi xidmətdə olub. Daha sonra bir müddət Amur vilayətində inşaatçı işləyib. Vətənə qayıtdıqdan sonra o, Gəncə Tikinti İdarəsində suvaqçı-rəngsaz kimi çalışıb.
Namazov 5 dekabr 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. O, 19 yanvar 1993-cü ildə Fərrux yüksəkliyində keçirilmiş 12 saatlıq döyüşdə iştirak edib. Ələsgər Əlyar oğlu Namazov döyüşün ertəsi günü, 1993-cü il yanvarın 20-də növbəti tapşırığı yerinə yetirərkən düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.